Azər Allahverənov: “Qanunvericiliyə əsasən, son 5 il ərzində Azərbaycan Respublikasında daimi yaşayan, qanuni gəlir mənbəyi olan və digər şərtləri qəbul edən şəxslər Azərbaycan Respublikasının vətəndaşı qəbul edilə bilər”
Azərbaycan vətəndaşlığı almaq istəyənlərin statistikası açıqlanıb. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata əsasən, 2017-ci il ərzində 2 570 014 halda 1 432 700 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 579 004 halda isə 1 439 023 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb.
DMX-yə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 88 743 müraciət daxil olub.
Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 7980 əcnəbiyə iş icazəsi, 537 şəxsə müvəqqəti olma müddətinin uzadılması qərarı, 39 940 şəxsə müvəqqəti yaşama icazəsi, 2983 şəxsə isə daimi yaşama icazəsi verilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 18 540 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. Xidmətin Çağrı mərkəzinə 102 629 zəng daxil olub.
88743 nəfərin Azərbaycan vətəndaşlığı almaq istəməsinin əhəmiyyəti barədə danışan miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edənlərin sayının artması sevindiricidir: “Qanunvericilikdə qeyd olunur ki, son 5 il ərzində Azərbaycan Respublikasında daimi yaşayan, qanuni gəlir mənbəyi olan və digər şərtləri qəbul edən şəxslər Azərbaycan Respublikasının vətəndaşı qəbul edilə bilər”.
Həmsöhbətimizin sözlərinə görə, 2013-2016-cı illər əzində və bu ilin birinci yarımilliyində 1233 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub: “Bunlardan 797 nəfər vətəndaşlığı olmayan şəxslərdir. Bu şəxslər müraciət edəndən sonra onların vətəndaşlığı müəyyən olunub. Qalanları isə vətəndaşlığa qəbul olunan şəxslərin sayıdır. Onu da qeyd edim ki, 1233 nəfərin 671 nəfəri kişi, 562-si isə qadın olub”.
A.Allahverənov qeyd etdi ki, Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün lazım olan sənədlər qanunvercilikdə öz əksini tapıb: “Burada əsas faktor dili bilməkdir. Dili bilməsi haqqında sənədi Təhsil Nazirliyi müvafiq orqanlara verir ki, bu şəxs Azərbaycan dilinin daşıyıcısıdır”.
Ekspert onu da vurğuladı ki, istisna hallarda isə elmi-texniki, mədəniyyət və idman sahəsində yüksək nailiyyətləri olan şəxslər üçün Azərbaycan Respublikasına dəvət edən dövlət orqanlarının vəsatəti əsasında vətəndaşlıq verilə bilər.
Günel CƏLİLOVA