Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 30 nəfər xəsarət alıb.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Yaralıların əksəriyyətinin Naxçıvandan olduğu deyilir. Onlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.
Qars dövlət xəstəxanasından bildiriblər ki, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlıların həyatı üçün hər hansı təhlükə yoxdur. Xəstəxanaya ümumilikdə neçə yaralının yerləşdirildiyi bildirilməsə də, ambulator yardımdan sonra 4 nəfərin buraxıldığı deyilib.
Sarıqamış dövlət xəstəxanasından isə bildiriblər ki, Qarsda sərnişin avtobusunun qəzaya uğraması zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən azərbaycanlıların vəziyyəti yaxşıdır. Qeyd olunub ki, xəstəxanaya yerləşdirilən 28 azərbaycanlı yüngül xəsarət alıb: "Qəza nəticəsində avtobus şüşələrinin qırıntısı onların əksəriyyətinin üz nahiyəsinə yüngül kəsik xəsarəti yetirib".