Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı bayram tədbiri təşkil edib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, bayram tədbirində rayondakı 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan əlil uşaqlar, həmçinin şəhid, Qarabağ muharibəsi veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən - ümumilikdə 400-dən artıq uşaq iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının geniş foyesində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının əl işlərindən ibarət sərgiyə baxıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq, qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibətilə təbrik edib. Ölkədə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsinin mərhum prezident Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Gülarə Verdiyeva qeyd edib ki, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə, o cümlədən Nəsimi rayonunda uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir.
Sonra tədbir bədii hissə ilə davam edib. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanıb.Bayram şənliyi Şaxta baba, Qar qız və nağıl qəhrəmanlarının uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam edib. Tədbirdə iştirak edən hər bir uşağa Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim edilib.
Tədbirdə iştirak edən valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Baki-xeber.com