Çingiz İsmayılov: “Turistlərin “qara siyahı”sının hansı formada hazırlanacağı öncə açıqlanmalıdır”
Azərbaycanda turizm sənayesi iştirakçılarının ilkin "qara siyahı"sı artıq hazırlanıb. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov media nümayəndələrinə açıqlamasında bu siyahının ictimaiyyət üçün açıq olmadığını, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulduğunu söyləyib.
Onun sözlərinə görə, siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib. Sistemə yalnız turistləri aldadan turizm şirkətləri deyil, şirkətləri, hotelləri aldadan müştərilər də daxil edilib: "Elə turistlər var ki, onlar şirkətləri aldadırlar, hansısa xidmətdən istifadə edirlər, amma pulunu vermirlər. Hansısa hotel və turizm şirkəti ilə problemləri olan, onları aldadan bir neçə şəxsin adı artıq bu siyahıya daxil edilib. Həmin şəxslər ölkəyə girişinə qadağa qoyulan şəxslər deyil və yerli turistlərdir".
Oxşar təcrübənin artıq "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən tətbiq edildiyini və onların da "Arzuolunmaz şəxslər" siyahısının olduğunu deyən N.Bağırov bildirib ki, AzTA-nın istənilən üzvü siyahıya məlumat daxil edə bilməz. Hər hansı neqativ hala yol verənlər barədə məlumat sistemə daxil edilməmişdən əvvəl həmin məlumat AzTA-nın komitələri tərəfindən tam araşdırılır. Əsaslı nəticələr olduğu halda məlumat verilən şirkət və şəxs haqqında məlumatlar sistemə daxil edilir.
N.Bağırov qeyd edib ki, "qara siyahı"nın hazırlanması oraya daxil edilən şəxslər barəsində inzibati tədbirlərin görülməsi demək deyil. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır.
Turistlərin “qara siyahısı”nın hazırlanmasına münasibət bildirən turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Turistlərin “qara siyahısı”nın hansı formada hazırlanacağı öncə açıqlanmalıdır. Tərtib olunan “qara siyahı”nın hüquqi sənəd kimi gücü olmalıdır. Hansısa turizm şirkətinin və ya hotelin tərtib etdiyi siyahı ilə turistlərin adını “qara siyahı”ya salmaq düzgün olmaz. Həmçinin, adları “qara siyahı”ya salınan turistlərin bu məsələyə reaksiyasının necə olması da ictimaiyyətə açıqlanmalıdır. Eynilə hansısa turizm obyektlərinin də hansı formada “qara siyahı”ya salınması aydınlaşdırılmalıdır. Ola bilsin ki, hansısa şirkətin başçqa bir şirkətlə ədavəti var. Belə olan halda, bir neçə turizm şirkəti birləşib, həmin şirkətin fəaliyyətindən narazılıq edib onun adını siyahıya sala bilərlər. Bununla obyektivlik pozulacaq. Eynilə keyfiyyətsiz bir obyekti nəyinsə qarşılığında tərifləyərlər. Beləliklə, zəif bir hotel və ya şirkət yaxşılar sırasında olacaq”.
Fiziki şəxslərin adlarının “qara siyahı”ya salınmasına gəlincə, həmsöhbətimiz bunun mümkünsüz olduğunu qeyd etdi: “Bunu yalnız dövlət edə bilər. Hansısa turizm şirkətinə və ya hotelə maddi ziyan vuran şəxsi onlar qəbul etməyə bilərlər, ancaq yerli və ya xarici turistin adını bu kimi işlərə görə “qara siyahı”ya salmaq olmaz. Cinayət hadisəsi baş verərsə, o halda turistin adı “qara siyahı”ya salına bilər”.
Günel CƏLİLOVA