Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır. Bu barədə Trend-ə Təhsil Nazirliyindən (TN) məlumat verilib.
Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.
TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.
“Göyçayda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb”. Bu barədə isə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Onun sözlərinə görə, faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılacaq.
Qeyd edək ki, Göyçay şəhərinin 9 saylı orta məktəbin qarşısında məktəb direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu qolunun şah damarını kəsərək intihara cəhd edib. Göyçay rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağırdır.