DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala RPŞ-nin təşkilatçılığı ilə rayonun Sumaylı kənd orta məktəbində “Narkomaniya əsrimizin bəlasıdır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Görüşdə, polis əməkdaşları ilə yanaşı, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili qrupunun inspektoru İlqar Xalıqov cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə zərbə vuran narkomaniyanın yaratdığı problemlərdən və fəsadlardan danışıb, insan sağlamlığına və psixologiyasına vurduğu zərər barəsində ətraflı məlumat verib. İ.Xalıqov narkomaniyanın qarşısının alınması ilə bağlı ölkəmizdə qətiyyətli mübarizə tədbirlərinin keçirildiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasının uğurla davam etdirildiyini diqqətə çatdırıb.
“Dini radikalizm” mövzusuna toxunan İ.Xalıqov qeyd edib ki, respublikamızda məzhəblər və digər dinlər arasında vəhdət və həmrəylik mövcuddur. O, dövlət başçısının təşəbbüsü ilə 2016-cı ilin respublikamızda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsinin bütün dünyada, eləcə də müsəlman aləmində sülhə və birgəyaşayışa çağırışolduğunu xatırladaraq, ölkəmizdə keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizdə dinlərarası və sivilizasiyalararası dialoqa verilən yüksək dəyər olduğunu bildirib. Din pərdəsi altında yalan vədlər verib insanları xurafata sürüklüyənlər haqda da ətraflı bəhs edən İ.Xaliqov gəncləri onların təbliğatının təsirindən qorumaq üçün valideynlərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Məktəb direktoru Xuraman Əsədova belə maarifləndirici tədbirlərin gənclərin gələcək həyatında mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Mahir MƏSİMOV polis leytenantı