Fatimə Hacıbəyli: “Qız uşaqlarının abortla tələf edilməsinin gələcəkdə ağır fəsadları barədə dəfələrlə məlumat verilsə də, nəticə yenə eyni olaraq qalır”
Müasir dünyada aktual problemlərdən biri abortlardır. Dünyanın ayrı-ayrı ölkələrində aborta münasibət müxtəlifdir. Bir qrup insan buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu qeyd edirlər. Təəssüf ki, cinslə bağlı dölün məhv olunması Azərbaycanda da qeydə alınır. Bəzi ailələr dünyaya gəlməmiş körpənin cinsiyyətinin qız olduğunu biləndən sonra onun məhv olunmasına qərar verirlər.
Ancaq artıq cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunacaq. Bu barədə yeni hazırlanan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib. Qanun layihəsinin 18-ci (Hamiləliyin süni pozulması) maddəsinə əsasən, hamiləliyin süni pozulması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir. Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçirilir. Tibbi göstərişlərə əsasən hamiləliyin 12 həftəliyindən sonra süni surətdə pozulması barədə qərar həkimlər konsiliumu tərəfindən qəbul edilir. Yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni pozulması onların arzusu ilə, valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir. Qeyd edək ki, qanun layihəsi Milli Məclisin payız sessiyasının işlər planına daxil edilib.
Selektiv abortların qadağan olunmasını ictimaiyyət də müsbət dəyərləndirir.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, abort daha çox müsəlman ölkələrində yayılıb: “Təbii ki, Azərbaycanda da abort etdirirlər. Bəllidir ki, bizim ölkədə oğlan uşaqlarını çox sevirlər. Oğlan uşağını bu qədər istəmək, arzulamaq keçmiş köklərimizlə bağlıdır. Valideynlərdə belə fikir kök salıb ki, gələcəkdə qız gəlin köçəcək, oğul isə bizi saxlayacaq, bizim qayğımıza qalacaq. Bununla həm də insanlar özlərini sığortlayırlar.
Hər hansı bir ailədə oğlan uşağının dünyaya gəlişini o qədər arzulayırlar ki, qız uşağı olanda məyusluq keçirirlər. Qadın hamilə olanda əri çox stress keçirir ki, kaş ki, oğlan olsun. Hamilə qadın özü də dölün cinsinin qız olduğunu biləndə qanı qaralır. Düşünür ki, indi mən evə gedib ərimə, qayınanama bu haqda necə deyəcəyəm. Qadınlar hamiləlik vaxtı dölün qız olduğunu bildikdə stress yaşayırlar”.
Həmsöhbətimizin sözlərinə görə, qız uşaqlarının abortla tələf edilməsinin gələcəkdə ağır fəsadları barədə dəfələrlə məlumat verilib. Ancaq nəticə yenə eyni olaraq qalır.
F.Hacıbəyli selektiv abortların qanunla qadağan olunmasının düzgün qərar olduğunu düşünür. Onun fikrincə, dölün cinsinə görə abort edən həkimlər cəzalandırılmalıdır: “Ultrasəs müayinəsi aparatlarında çalışan həkimlərin uşaq dölü haqqında qabaqcadan məlumat vermələri qadağan olunmalıdır. Bu bir göstəricidir və zorakılığın ən pis formasıdır”.
Günel CƏLİLOVA