İsmayıl Əhməd: “…hansı formada nəzarət olunacağı bəlli deyil”
Milli Məclisin Regional siyasət komitəsinin ötən iclasında “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb. Abzasda qəbiristanlıqların salınması və idarə olunmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun olaraq həyata keçiriləcəyi qeyd edilir.
Komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.
Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qəbirlərin qorunması məsələsini şərh edən ilahiyyatçı İsmayıl Əhməd “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qəbirlərə müvafiq icra hakimiyyəti tərəfindən hansı formada nəzarət olunacağı bəlli deyil: “Qəbirlər standart formada olmalıdır. Yaxşı olar ki, aidiyyəti qurumlar da bu məsələni nəzarətə götürsünlər. Necə ki, bu qayda Naxçıvanda tətbiq olunur, eyni ilə bütün respublikada tətbiq edilməlidir”.
Həmsöhbətimiz onu da bildirdi ki, qəbiristanlıqlarda elə məzarlar var ki, onlar nəzarətsiz qaldığı üçün sıradan çıxıb: “Bəllidir ki, kimsəsiz qəbir yerlərinə nəzarətçilər tərəfindən nəzarət olunmur. Bu iş müvafiq icra hakimiyyətinə həvalə olunsa, bütün qəbirlərə nəzarət olunacaq. Deyilir ki, hər bir məzara vətəndaş nəzarət etməlidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, elə məzar var onun yiyəsi yoxdur. Bu tip qəbirlərə müvafiq icra hakimiyyəti nəzarət etsə yaxşı olar”.
İ.Əhmədin sözlərinə görə, qəbiristanlıqlarda fəaliyyət göstərən mollalara da nəzarət tətbiq olunması məqsədəuyğundur: “Danılmaz faktdır ki, mollalar pul qarşılığında qəbiristanlıqda yasin oxuyurlar. Bu işə də nəzarət olunsa yaxşı olar. Ümumiyyətlə, bu iş savadlı şəxslərə həvalə olunmalıdır”.
Günel CƏLİLOVA