Məlahət Mürşüdlü: “9-cu sinif şagirdlərinin tam orta təhsildən yayınması onların həyatında müxtəlif formada iz qoyur”
“9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30 faiz şagird tədris prosesindən ayrılıb 10-cu sinfə keçmir”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşərkən deyib.
O bildirib ki, Azərbaycanda icbari təhsil 9 illikdir. XI sinfin buraxılış imtahanlarının nəticəsi təkcə məktəbin nəticəsi deyil, çünki şagirdlər məktəbdən əlavə hazırlaşırlar. Buna görə də IX və XI sinfin buraxılış imtahanlarında fərqi görürük.
9-cu sinfin buraxılış imtahanlarından sonra şagirdlərin 30 faizi nə səbəbdən tədrisdən kənar qalır? Bu sualla ekspertə müraciət etdik.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 9-cu sinfi bitirən şagirdlərin bir qismi peşə mıəktəblərinə üz tutur: “Bəzi məktəblərdə zəif nəticə göstərən şagirdləri tədris ocağına qəbul etmirlər. Belə olan halda, o uşaqların həyatı çətin olur. Kənd yerlərində yaşayanlar təsərrüfatda çalışaraq iqtisadi cəhətdən ailələrinə dəstək olurlar. Bir qismi isə nə çalışır, nə də peşə məktəbinə gedir. Bu kateqoriyaya aid olan yeniyetmələr boş-bekar gəzərək, potensial cinayətkara çevrilirlər. Bu səbəbdən 9-cu sinif şagirdlərinin tam orta təhsildən yayınması onların həyatında müxtəlif formada iz qoyur”.
M.Mürşüdlünün sözlərinə görə, qanunvericiliyə əsasən, icbari təhsil 9 illikdir: “9 illik təcrübədən gördüyümüz kimi, 15-16 yaşlı uşaqların təhsildən və ictimai həyatdan uzaqlaşması deməkdir. Bununla maraqlanan yoxdur. 9-cu sinfi bitirən şagirdlərin çox az faizi texniki peşə təhsili ilə əhatə olunur. Yerdə qalan şagirdlər məşğuliyyətsiz qalır. O uşaqların sonrakı taleyi ilə maraqlanmaq lazımdır”.
Günel CƏLİLOVA