Ölkəmizdə əhalinin hər bir üzvünün ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatınin tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlər görülür. Ən əsası, fermerlərə, yerli istehsalçılara dövlət tərəfindən qayğı göstərilir. Zəhmətkeşlərin əldə etdiyi ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması da diqqət mərkəzindədir.
Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verərək deyib: “Bizim məhsullarımız, xüsusilə tərəvəz, meyvə məhsullarımız təbiidir. Dünyada buna orqanik deyirlər. Bakıya, Azərbaycana gələn bütün qonaqlar məəttəl qalırlar ki, bizdə necə gözəl, təbii meyvələr, tərəvəzlər vardır. Bu bizim böyük sərvətimizdir”. Belə olduğu halda bəzi yerlərdə bu vacib məsələyə ögey münasibət təəssüf doğurur.
Hamarat Lerik rayonunun ucqar dağ kəndidir. Buranın torpaqları bərəkətli olduğu kimi, insanları da zəhmətsevərdir. Demək olar ki, kəndlinin yaşayış tərzi təsərrüfatla bağlıdır. Camaat əkinçiliklə məşğul olur, həyat-bacasında mer-meyvə yetişdirir, mal-qara saxlayır. Torpağın qədrini yaxşı bilir, ona məhəbbətlə əyilirlər. Bol, tərkibi, dadı, tamı, qoxusu, eləcə də digər keyfiyyətlərinə görə rəqabət davamlı məhsul də əldə edirlər.
Əvvəllər hamaratlılar yetişdirdiyi məhsulu rahat şəkildə Lənkəran bazarına aparır, onu sərfəli qiymətə satır və oradaca öz ehtiyaclarını ödəmək üçün bazarlıq edirdilər. Bu işdə çox vaxt Hamarat-Lənkəran marşrutunda işləyən “ Qaz-66” markalı avtobusun adamlara böyük köməyi dəyirdi.
Hazırda isə vəziyyət tamam dəyişib. Bu da həmin marşrutun yoxa çıxması ilə bağlıdır. Kənd sakinləri hazır məhsulunu bazara çıxara bilmir. Nəticədə bu işi ayrı-ayrı alverçilər görür: kəndlinin saf məhsulunu çox ucuz qiymətə götürür, şəhərdən gətirdikləri qəndi, müxtəlif ərzaq məhsulları, geyim mallarını üç qat baha qiymətə hesablayır. Kəndin ağsaqqal ziyalısı Paşa Allahverdiyev deyir ki, şəxsi təsərrüfatında uzun illərdir mer-meyvə yetişdirir. Heç vaxt da bioloji preparatlardan istifadə etmir. Çünki buranın torpağı qızıl kimidir. Bir balaca onun nazını çəkəndə insana verdiyi bərəkət tükənməz olur. Hamaratın torpağında yetişən heyva, armud...dünyanın heç yerində yoxdur. Qaldı ki, əhali sağlam, keyfiyyətli məhsulu sata bilmir.
Ömrünün son günlərini yaşayan bu payız da hamaratlılar üçün bərəkətli gəlib. Kartof, mer-meyvə həyətlərdə doludur. Qaldı ki, onu bazara çıxartmaq olmur. Tonlarla saf məhsul çürüyüb gedir. Çıxış yolu tapılsa, kəndlinin öz məhsulunu satması ilə şəhərlinin də süfrəsi bol olar.
Bəli, ölkə başçısı respublikada sağlam, keyfiyyətli ərzaq bolluğu yaratmaq üçün bu sahəni aqrar sektorun gələcək prioritet istiqaməti kimi dəyərləndirir, onun inkişaf etməsinə böyük dəstək verir. Hamarat camaatı bunu yaxşı bilir, inanırlar ki, bu problem yaxın vaxtda öz həllini tapacaq. Çünki Azərbaycanda aparılan düzgün siyasət nəticəsində elə bir məsələ yoxdur ki, icrasına nail olunmasın...
Zəfər ORUCOĞL0U, Azərbaycan Jurnalistlər Birliyinin üzvü