Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar növbəti maarifləndirmə tədbiri dekabrın 13-də Sabirabad rayonundakı Heydər Əliyev Məkrəzində rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Toplantıda Rayon Polis Şöbəsinin, İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak edib.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib, “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” mövzusunda çıxış edərək, törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib.
Sabirabad RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov, İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Şahnaz Babayeva, həmçinin narkoloq həkim, psixoloq, təhsil və VVAQ şöbələrinin nümayəndələri “Dini radikalizm”, “Narkotiklər haqqında nə bilirik?” və “Erkən nikahların fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.
Natiq CAVADOV, DİN Mətbuat Xidmətinin əməkdaşı