Məlahət Mürşüdlü: “Sağlamlıq imkanı məhdud uşaqlarla bağlı məlumat bazasının yaradılması müsbət addımdır”
Azərbaycanda təhsilin bütün pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması təmin ediləcək. Bu barədə Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qeyd olunub.
Bundan əlavə, məktəbəqədər, ümumi və ilk peşə-ixtisas təhsili üzrə təhsil proqramlarında sağlamlıq imkanları məhdud şəxsləri təhsildən istifadə imkanları ilə digər şəxslərlə bərabər səviyyədə təmin edən dəyişikliklər ediləcək, sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrlar hazırlanacaq və ya əlavə təhsilə cəlb olunacaq, inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazası yaradılacaq, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması imkanlarının qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaq və sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsi artacaq.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması ilə bağlı hansı qaydalar tətbiq olunacaq? Məsələ ilə bağlı ekspertə müraciət etdik.
Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün ilk növbədə onların sağlamlığı, təhsili və qida rasionunun necə təmin olunacağı müəyyənləşdirilməlidir: “Eyni zamanda, qüsurlu uşaqların dərsliklərlə təminat məsələsinin necə həll olunacağına aydınlıq gətirilməlidir. Ən əsası, o uşaqların asudə vaxtının necə təşkil olunması xüsusi olaraq qeyd edilməlidir. Çünki sağlamlıq imkanı məhdud uşaqların istirahəti, əyləncəsi onların əhvalına müsbət təsir göstərir”.
M.Mürşüdlünün sözlərinə görə, son zamanlar inklüziv təhsilin inkişafı ilə bağlı müəyyən işlər görülür. Təhsil Nazirliyi və müəyyən birliklər tərəfindən lazımi addımlar atılır. Ancaq bunlar yetərli deyil. Sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının qəbul olunması müsbət haldır. Bu konsepsiyada əsasən uşaqların təhsili, onların sağlam şəkildə qidalanması, dərslik və elektron avadanlıqla təmin olunması kimi məsələlərə toxunulur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, sağlamlıq imkanı məhdud uşaqlarla bağlı məlumat bazasının yaradılması müsbət addımdır. Bu baza sayəsində istənilən ərazidə yaşayan və göstərilən problemdən əziyyət çəkən uşaqlar haqqında məlumat qeyd olunacaq.
Günel CƏLİLOVA