Adil Qeybulla: “Orqan transplantasiyası sistemli məsələdir, öncə əhalinin sosial müdafiəsi təmin edilməlidir ki, hər bir şəxsin icbari tibbi sığorta vəsiqəsi olsun”
“Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”. Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib. O bildirib ki, Azərbaycanda əsasən canlı qohum donorlarından istifadə olunur.
Donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyası icra edilir: “Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir”.
Orqan köçürülməsi ilə bağlı konsepsiya hazırlanmasının əhəmiyyəti barədə danışan professor, həkim- ekspert Adil Qeybulla qeyd etdi ki, orqan transplantasiyası sistemli məsələdir: “Öncə əhalinin sosial müdafiəsi təmin olunmalıdır. Hər bir şəxsin icbari tibbi sığorta vəsiqəsi olmalıdır. Məlumdur ki, orqan köçürülməsi bahalı əməliyyatdır. Vətəndaş, təbii olaraq, bu əməliyyatı özü ödəyə bilməz”.
Həmsöhbətimizin sözlərinə görə, orqan köçürülməsi üçün donor mənbəyi müəyyən olunmalıdır: “Hazırkı qanuna görə, donor mənbəyi yaxın qohumlar ola bilər. Ancaq bütün dünya ölkələrində donor mənbəyi beyin ölümü keçirən cavan və heç bir tibbi xəstəliyi olmayan şəxs ola bilər. Ölkəmizdə isə beyin ölümü yalnız qəza keçirən, travma alan şəxslər olur. Bizdə cavan insanların yarılmasına heç kim icazə vermir. Cəmiyyət psixoloji olaraq beyin ölümü keçirən insanların orqanlarının köçürülməsinə hazır olmalıdır. Bunun üçün zaman lazımdır. Öncə kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür. İstər televiziya olsun, istərsə də yazılı media bu məsələdə olduqca aktiv olmalıdırlar. İnsanlar başa düşməlidirlər ki, dünyasını dəyişmiş bir insanın orqanı başqa bir şəxsin həyata qayıtmasına şərait yaradacaq”.
A.Qeybulla onu da əlavə etdi ki, Azərbaycanda orqan nəqli mütəxəssisləri artır.
Günel CƏLİLOVA