Ərşad Hüseynov: “Taksi duracaqları planlı şəkildə yaradılarsa, bu sahədə yaşanan problemləri həll etmək olar”
Taksi minik avtomobilləri ilə sərnişindaşımanı yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək. Bu barədə “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik təklif olunur.
Belə ki, qanunun 20-ci maddəsinin (Taksi minik avtomobilləri ilə sərnişindaşıma) 20.3-cü bəndinə təklif olunan dəyişikliyə görə, taksi minik avtomobilləri ilə sərnişindaşımanı yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.
Hazırkı qanunvericiliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşımanı yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.
Qeyd edək ki, qanuna təklif olunan dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Nəqliyyat sahəsi üzrə mütəxəssis Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, taksilər üçün xüsusi duracaqların olması məsələsi uzun müddətdir müzakirə olunur: “Dayanacağın ətrafında taksilərin dayanması qadağandır. Sadəcə, “Avtomobil nəqliyyatı haqqında” Qanun “Yol hərəkəti haqqında” Qanuna uyğunlaşdırılır”.
Həmsöhbətimizin sözlərinə görə, taksilər üçün duracaqlar tək paytaxt ərazisində deyil, ölkənin bütün ərazilərində yaradılmalıdır: “Taksi duracağı yaradılarsa, taksilərə nəzarət etmək daha rahat olar. Onu da qeyd edim ki, qanunvericilikdə taksilərin yalnız onlar üçün nəzərdə tutulmuş duracaqlarda dayanmasının vacibliyi qeyd olunur. Hətta qanunvericilikdə bu qoydanı pozan taksi sürücülərinin cərimə olunması da xüsusi olaraq vurğulanıb. Ancaq bu gün taksi sürücülərinə yaxınlaşıb niyə avtobus dayanacağında durduğunu soruşsaq, onlar bizə “çörək qazanmaq üçün” orada dayandığını deyəcəklər”.
Ə.Hüseynov qeyd etdi ki, indi taksi daşımaları ilə həm müəyyən şirkətlər məşğul olur, həm də adi sahibkarlar. Məsələn, müəyyən insanlar var ki, avtomobilini lisenziyalı taksi kimi istifadə edirlər: “Ancaq taksi daşımalarının özünün xüsusi bir qaydası var. Əvvəllər sərnişin istənilən yerdə taksi saxlaya bilərdi və ya avtomobildən düşə bilərdi. Çünki taksi daşımalarında spesifik göstərici vardı - taksilər harada istəyirdi saxlaya və sərnişin mindirə bilirdilər. Sonra bütün bunlar şəhərdə böyük problem əmələ gətirdiyi üçün, taksi dayanacaqları nəzərdə tutuldu. İnsanlar taksilərə, bir növ, avtobus dayanacaqları kimi xüsusi yerlərdə minirlər. İndi isə sifarişlə taksi daşımalarını təşkil edirlər”.
Ə.Hüseynov hesab edir ki, taksi duracaqları planlı şəkildə yaradılarsa, bu sahədə yaşanan problemləri həll etmək olar.
Günel CƏLİLOVA