Fatimə Hacıbəyli: “Məktəblərdə narkomaniya əleyhinə tədbirlərin keçirilməsi şagirdlərin öz həyatına daha sağlam yanaşmasına səbəb olacaq”
Dünya miqyasında əsas problemlərdən birinə çevrilən narkomaniya problemi bu gün bəşəriyyət üçün real təhlükə mənbəyinə çevrilməkdədir. Ayrı-ayrı dövlətlər səviyyəsində fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılır. Azərbaycanda narkomoniya ilə bağlı müxtəlif xarakterli maarifləndirici tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar orta məktəblərdə maarifləndirici tədbirlər təşkil olunur. Növbəti belə tədbir bir neçə gün əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Qeyd edək ki, orta məktəblərdə yuxarı sinif şagirdlərinin narkomaniyadan uzaq qalması üçün mütəmadi olaraq maarifləndirici tədbirlərə üstünlük verilir. Bu tip tədbirlərin keçirilməsinin əhəmiyyəti gənclərin zərərli vərdişlərdən uzaq qalmasıdır.
“Vəfa” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gənclərin sağalmaz xəstəliklərə düçar olmaması, narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirilir: “Orta və ali tədris müəssisələrində “ağ ölüm” adlı bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında vaxtaşırı elmi söhbətlərın aparılması, bu barədə xüsusi bukletlərin hazırlanıb əhali arasında yayılması, “Narkomaniyaya yox deyək” başlığı altında inşa-yazı müsabiqələrinin təşkili, narkomaniyadan əzab çəkən insanların faciəli həyatından bəhs edən kinosüjetlərin nümayiş etdirilməsi artıq bir ənənəyə çevrilib. Məlum tədbirlər bu sahədə atılan uğurlu addım kimi dəyərləndirilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məktəblilər narkotikin nə olduğunu bilmədən bu bəlaya aludə olurlar. Nəticədə onlar tək özlərinin deyil, ailə üzvlərinin də həyatını məhv edirlər. Bu səbəbdən də düşünürəm ki, məktəblərdə narkomaniya əleyhinə silsilə tədbirlərin keçirilməsi məqsədəuyğundur. Həmin tədbirlərdə şagirdlərə narkotikin insanlara necə təsir etdiyi barəsində həm məlumat verilir, həm də videofilm şəklində nümayiş olunur. Məktəblərdə narkomaniya əleyhinə tədbirlərin keçirilməsi şagirdlərin öz həyatına daha sağlam yanaşmasına səbəb olacaq”.
Günel CƏLİLOVA