Seyid Camal Əzimbəyli: “Silahlı Qüvvələrdə belə təbliğatın aparılması olduqca zəruridir”
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2017-ci il üçün birgə tədbirlər planına əsasən, cəbhəboyu zonada yerləşən hərbi hissədə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Gənclərin tərbiyəsində islam dininin rolu” mövzusunda keçirilən görüşdə çıxış edən hərbi hissənin zabiti, polkovnik-leytenant Rasim Manafov qonaqları salamlayaraq şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında Müdafiə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xidmətlərini xüsusi vurğulayıb. Bu cür tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində müstəsna rolunu qeyd edən zabit dini radikalizmə qarşı mübarizə tədbirlərinin də yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov çıxışında hərbi-vətənpərvərlik tərbiyəsində islamın rolundan, islami dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmağından, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsl vətəndaş, əsl döyüşçü yetişdirməyin mümkün olmamasını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filminə baxışdan sonra tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər.
Hərbi hissələrdə dini radikalizmə qarşı belə tədbirlərin təşkil olunmasının nə kimi əhəmiyyəti var?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, bu addımı olduqca təqdir edir: “Bilirsiniz ki, hərbi hissələrdə qulluq edən əsgərlər ora göydən düşmürlər. Onlar da cəmiyyətin bir parçasından ayrılıb qulluğua yollanırlar. Onların sırasında hətta ali məktəbi bitirənlər də az olmur. Bu o deməkdir ki, əsgərlərin sırasında da zərərli radikal cərəyanların təsiri altına düşənlər ola bilər. Ona görə də Silahlı Qüvvələrdə belə təbliğatın aparılması olduqca zəruridir. Sizin adını çəkdiyiniz sənədli filmi mən izləmişəm. Olduqca yüksək dərəcəli bir sənədli filmdir. Çox böyük təsirə malikdir. Həmin filmin hərbi hissələrdə nümayiş olunması isə lazım olan təbliğatın təsirini ikiqat artırmış olur. Filmin süjet xətti bundan ibarətdir ki, dini yolda olan bir gənc torpaqlarının azadlığı uğrunda şəhid olur. Digəri isə gedib xaricdəki münaqişədə hansısa qruplaşmanın tərkibində din yoldaşını öldürür. Film hansı yolun doğru olduğunu izah edir. Belə təbliğatın həm də əsgərlərimizin döyüş ruhunun artırılmasına da böyük təsiri olur”.
Məhəmmədəli QƏRİBLİ