Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Heydər Əliyevin anım gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.
Aksiyada “Müasir Azərbaycan Gəncləri” İctimai Birliyinin sədri Orxan Fəxrəddinov və Birliyin 50-yə yaxın üzvü iştirak edib. O.Fəxrəddinov bildirib ki, bu aksiya yeni yaranan İctimai Birliyin ilk işi olsa da, qarşıda gəncləri daha böyük layihələr, tədbirlər gözləyir.
“Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə dəstəyi danılmazdır. Gənclər siyasəti ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər də, təbii ki, bu dəstəyi hiss edib məsuliyyətlərini dərk edirlər. Bu aksiyada əsas məqsədimiz talassemiya, leykemiya, QİÇS və s. qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara donor olaraq dəstək olmaqdır”.
O. Fəxrəddinov İctimai birliyin gələcək planlarından da söz açıb.
“Birliyin əsas hədəfi Azərbaycançılıq ideologiyasının təbliği, sərhədlərimizin hüdudları çərçivəsində, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan gənclərimizin intellektual və fərdi inkişafını təmin etmək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərlə daha sıx əməkdaşlığı təmin etmək, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin düzgün istiqamətlənməsini təmin etməkdir”.
Qeyd edək ki, Birlik üzvləri qanvermə aksiyasından öncə I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftamoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Baki-xeber.com