Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar növbəti maarifləndirmə tədbiri dekabrın 7-də Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Toplantıda Rayon Polis İdarəsinin, İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar da iştirak edib.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov tədbiri açaraq toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib, “Yetkinlik yaşına çatmayanların cinayətə meylliliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” mövzusunda çıxış edərək törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib.
Rayon Polis İdarəsinin nümayəndələri, İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri, təhsil və VVAQ şöbələrinin əməkdaşları, narkoloq-həkim və psixoloqlar yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.