Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Agbirçəklər Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, “Ümummilli lider Heydər Əliyev və qadın siyasəti” adlı tədbirdə Nəsimi rayonunun təhsil, səhiyyə, mədəniyyət müəssissələrində, idarə və təşkilatlarında çalışanlar, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmçinin rayonun ictimai həyatında fəal iştirak edən qadınlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Agbirçəklər Şurasının sədri Zərifə Quliyeva bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qayğı və dəstək güclənib. Ümummilli liderin qadın siyasətinin nəticəsində bu gün beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Bu gün respublikamızda əsası ulu öndər tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında bildirib ki, tarixən Azərbaycan cəmiyyətində ağbircəklərin, anaların xüsusi hörməti və nüfuzu olub. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Heydər Əliyev qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb. O, 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin olunduqdan sonra qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlayıb.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlanıb. Onun Fərmanı ilə 1998-ci il yanvarın 14-də qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ümumiyyətlə, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra Fərman və Sərəncamlar imzalanıb. Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların təmsilçiliyinin genişlənməsinə çox böyük diqqət yetirir.
Gülarə Verdiyeva çıxışına davam edərək bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir Azərbaycan qadını üçün nümunədir. O deyib ki, Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. G.Verdiyeva Mehriban xanım Əliyevanın uşaq, yeniyetmə və gənclərimizin sağlam böyüməsi, təhsilləri, istedadları və dünyagörüşlərinin artması, həmçinin gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və layihələrdən ətraflı söz açıb.
Tədbirdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, əmək veteranı Səriyyə Əbülhəsənova və digərləri cıxış edərək ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən geniş söhbət açıblar.
Baki-xeber.com