DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gənclər Mərkəzində “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”,“Dini radikalizm” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ağsu RPŞ-nin, İcra hakimiyyəti və Təhsil şöbəsinin nümayəndələri, valideynlər, müəllimlər və məktəblilər iştirak edib.
Tədbirin əvvəlində narkomaniyanın fəsadları mövzusunda videoçarx nümayiş olunub.
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.
RPŞ-nin rəisi, polis polkovniki Eldar Paşayev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. Bununla yanaşı, o, erkən nikahın fəsadlarından, dini radikalizmin doğurduğu mənfi cəhətlərdən və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb. Dini radikalizm mövzüsuna toxunan E.Paşayev ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını vurğulayıb, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduğu barədə məktəbliləri xəbərdar edib, onların zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi tövsiyə edib.
Daha sonra RPŞ-nin Veteranlar Şurasının sədri Nurulla Nuriyev belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, məktəblilərə vətənpərvərlik ruhunda böyümələri, layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünən xeyirxahlığı özlərinə mayaq seçmələri üçün dəyərli nəsihətlər verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Toğrul NƏSİRLİ polis leytenantı