İlqar Orucov: “Cəmiyyətin hər zaman peşəyönümlü ixtisaslara böyük ehtiyacı var və həmin ixtisaslar üzrə dövlət peşə məktəblərinin yaradılması daha münasibdir”
Azərbaycanda mülkiyyət formasına görə üç cür peşə təhsili müəssisəsi fəaliyyət göstərə biləcək. Yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsinin 10-cu (Peşə təhsili) maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Qeyd edək ki, bütün peşə təhsili müəssisələrində isə tədrisin yalnız əyani formada keçirilməsinə icazə veriləcək.
Mülkiyyət formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrində hüquqi təminat eyni olacaq. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Ekspertlərin fikrincə, dövlət, özəl və bələdiyyə peşə məktəblərinin yaradılması vacibdir.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda peşə təhsilinin formalaşdırılması və inkişaf etdirilməsi dövlət üçün prioritet əhəmiyyət kəsb edən məsələlərdən biridir: “Bu istiqamətdə son illər nəzərəçarpan dərəcədə fəaliyyətin olması sevindiricidir. IX sinfi bitirib tam orta təhsilə keçə bilməyən şagirdlərin aqibəti ilə bağlı narahatlıq xeyli düşündürücüdür. Bu, bütün cəmiyyəti narahat edən məsələlərdən biridir. IX sinifdən sonra bütün şagirdlərin tam orta təhsilə yönləndirilməsi zərərli vərdişdir. IX sinfə qədər şagirdin gələcək təhsilə davam edib-etməməsi artıq hər kəsə bəlli olur. Bu baxımdan hesab edirəm ki, peşə təhsili müəssisələrinin yaradılması olduqca vacibdir. Üç formada peşə məktəblərinin yaradılması ilə bağlı təklifin irəli sürülməsi sevindiricidir”.
Həmsöhbətimizin fikrincə, dövlət hesabına peşə məktəblərinin yaradılması daha vacibdir.
Özəl peşə məktəblərinin yaradılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi bir qurum yaradılıb. Həmin qurumda beynəlxalq təcrübə öyrənilərək Bakıda bir neçə özəl peşə məktəbi yaradılacaq: “Ola bilsin ki, hər hansı bir dövlət müəssisəsinin nəzdində özəl peşə məktəbi yaratsınlar. Bütövlükdə, bu məsələdə əsas yük dövlət peşə məktəblərinin üzərində olmalıdır. Hər bir ailənin maddi durumunu nəzərə alıb əsas diqqəti dövlət peşə məktəbinə yönəltmək lazımdır”.
İ.Orucov onu da vurğuladı ki, cəmiyyətin hər zaman peşəyönümlü ixtisaslara böyük ehtiyacı var: “Hansı sahələrə ehtiyacın olması araşdırılmalıdır. Həmin ixtisaslar üzrə dövlət peşə məktəblərinin yaradılması daha münasib olar”.
Günel CƏLİLOVA