Aysel Zeynalova: “Xarici ölkələrdə süni qidalar yalnız apteklərdə satılır, ancaq bizdə isə vəziyyət fərqlidir”
Azərbaycanda qidaların təhlükəsizliyi məsələsi həmişə gündəmdə olub. Xüsusən də uşaqlara verilən qidalar daim müzakirə mövzusu olub. Bu gün yeni doğulan uşaqların qidalanması üçün marketlərdə müxtəlif adlarda süni uşaq qidaları satılır. Yeni ana olan qadınların bir qismi övladına təbii ana südü vermək əvəzinə, market və dükanlarda satılan uşaq qidalarını verirlər.
Süni uşaq qidalarının yalnız apteklərdə satılmasının vacibliyi vurğulanır. Belə bir təkliflə ölkənin baş pediatrı Nəsib Quliyev Pediatriya İnstitutunda Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxış edib. O qeyd edib ki, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: “Ona görə süni qidalar əsassız şəkildə reklam olunmamalıdır”.
Ekspertlər də süni uşaq qidalarının yalnız apteklərdə satılmasının tərəfdarıdır.
Pediatr Aysel Zeynalova bizimlə söhbətində bildirdi ki, süni qidaların qiyməti həddindən artıq yüksəkdir: “Əksər hallarda valideynlər qiymətin yüksək olmasından narazılıq edirlər. Bu, ailələrin büdcəsinə ciddi təsir edir. Qiymətlərin yüksək olmasının səbəbi pediatrlara vasitəçiliyə görə ödənilən pulların süni qidanın üzərinə gəlməsidir”.
Həmsöhbətimizin sözlərinə görə, xarici ölkələrdə süni qidalar yalnız apteklərdə satılır, harada gəldi satılmır. Ancaq bizdə isə vəziyyət fərqlidir. Valideyn istənilən marketdən süni uşaq qidasını ala bilər: “Ümumiyyətlə, qanunvericiliyin tələblərinə zidd olaraq, distribütorlar məhsullarını mümkün olan hər yerdə satmağa çalışırlar. Burada saxlanma şəraiti ilə bağlı tələblər pozulur”.
Pediatr onu da vurğuladı ki, körpə qidası həssas bir məhsul olduğundan, analar onun hazırlanmasını və istifadə qaydasını aydın bilməlidir: “Marketlərdə çalışanlar süni uşaq qidalarının tam hazırlanma qaydasından xəbərsiz olduqları üçün, valideynlərin sualına dolğun cavab verə bilmirlər”.
Günel CƏLİLOVA