“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi ölkə telekanallarında bir sıra aparıcıların Azərbaycan dilinin qrammatik qaydalarını kobud şəkildə pozmasını, verilişlərə çağırılan qonaqlarla ünsiyyət və davranış qaydalarında yol verdikləri ağlasığmaz kobudluqları tənqid edən açıqlama yayıb. Qurumun rəhbəri Mətləb Salahov jurnalistlərə bildirib ki, Azərbaycan efirlərində baş verən savadsız aparıcı səhvləri ən sonda dilimizin bərbad hala salınması, ictimai etikanın və mənəvi dəyərlərimizin tamamilə dağıdılmasına yol açır:
“Təsəvvür edin ki, min illərdir bu xalqın mənəvi dəyərləri qorunaraq bu günə qədər gəlib çatdırılıb. Bu gün isə savadsız və etik tərbiyədən uzaq olan efir aparıcıları, səviyyəsiz “verilişlərində” artıq milli genofondumuzu belə ayaqlar altına atmaqdadırlar. Daha çox qazan və şou-biznes tipli “verilişlərlə zəngin” olan efirlərdə dilimizin bütün qaydaları ara sözlərlə məhv edilir, efirlərə çağırılan qonaqların birbaşa şəxsi həyatına müdaxilə olunur, ədəb və nəzakət qaydaları heç nə olmayıbmış kimi tapdanır və məhv edilir. Bütün bunlara göz yummaq isə, sonda ağır, həm də düzəldilməsi mümkünsüz acı nəticələrə səbəb olacaq.”