Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyevanın Azərbaycanda icbari təhsillə bağlı son açıqlamaları ciddi narahatlıq yaradıb.
Xatırladaq ki, Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva yerli KİV-ə açıqlamasında Azərbaycanda məktəblərin özünümaliyyələşdirmə sisteminə keçəcəyini bildirib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub: "Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir".
M. Vəliyevanın bu açıqlaması сосиал şəbəkələrdə etirazla qarşılanıb. Əksər valideynlər məktəblərin valideynlərin hesabına maliyyələşəcəyini düşünür. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsində dövlətin əhalinin pulsuz icbari təhsil almaq hüququnu təmin etdiyi qeyd olunur.
Narazılıqları nəzərə alan Bakı Təhsil İdarəsi növbəti açıqlama ilə çıxış edərək, direktorun bəyanatına aydınlıq gətirib. Bildirilib ki, məktəblərin özünümaliyyələşdirməsi heç də təhsilin ödənişli olması demək deyil. Belə ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur.
“Sputnik.az” saytı məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyi ilə əlaqə saxlasa da, Nazirlikdən tabeliklərində olan qurumun direktorunun açıqlamasına şərh vermək istəməyiblər.
Baki-xeber.com