Sevinc Əzimbəyli: “Məzarlar üzərində abidə qoymaq, sərdabə tikdirmək, qəbirlərin bahalı daşlarla, mərmərlə bəzədilməsi islam dininə ziddir”
Məzar və sinə daşları barədə yeni qərar qəbul olunacaq. Yeni qərara əsəsən, Azərbaycanda məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması qadağan olunacaq. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, yeni qərara görə, qəbiristanlığın salınması, qəbirlərin ölçüsü, onların yerləşdirilməsi ilə bağlı bəzi ümumi standartlar tətbiq ediləcək: "Bu qaydalar yenilənir və yaxın günlərdə bununla bağlı qərar qəbul olunacaq. Qaydalara görə, qəbirlər üzərində dəbdəbəli daşların qoyulması zamanı ölçülərdən kənara çıxılması olmayacaq. Qəbirlər və sinə daşları vahid ölçüdə olacaq və bu ölçülər tətbiq olunan zaman islam dininin bununla bağlı bütün qaydalarına əməl olunacaq".
M.Qurbanlı vurğulayıb ki, bununla insanların dəfndən sonrakı xərcləri nisbətən azalacaq.
Ekspertlər də dəbdəbəli sinə daşlarının qoyulmasının qadağan olunmasını düzgün qərar sayır.
“Yeni Üfüq” İctimai Birliyinin rəhbəri Sevinc Əzimbəyli bizimlə söhbətində bildirdi ki, dində dəbdəbəli başdaşları israf olduğu üçün haram sayılır: “Məzarlar üzərində abidə qoymaq, sərdabə tikdirmək, qəbirlərin bahalı daşlarla, mərmərlə bəzədilməsi islam dininə ziddir. Dinimiz hər cür israfçılığı, dəbdəbəni qadağan edir. Müsəlman rəhmətə getmiş birisi üçün savab bir əməl icra etmək istəyirsə, bunun müxtəlif yolları var. Yoxsula əl tutmaq, yetimi sevindirmək, ehtiyacı olanın ehtiyacını ödəmək, xeyirxah iş görmək və s. Vəfat etmiş insan üçün qəbirüstü abidə qoymaq, bahalı daşlardan sinə daşı, başdaşı düzəltdirməyin heç bir savabı yoxdur. Bu həm dinimizə ziddir, həm də məntiqə. Belə hallar getdikcə insanlar arasında pis, zərərli rəqabətə çevrilir. Bundan da bəzi işbazlar faydalanır. Qafqaz Müsəlmanları İdarəsi də dəfələrlə vurğulayıb ki, bahalı qəbirlər düzəltmək islam dininin qaydalarına ziddir. Ümumiyyətlə, insanın məzarı üstündə hansı böyüklükdə başdaşı, yaxud abidə tikilir-tikilsin, bəşər övladı yarandığı torpağa qovuşmağa məhkumdur. Torpaqdan yaranıb torpağa gedirik. Təəssüf ki, bəzi insanlar bunu anlamır, qəbir üstündə abidə tikməklə elə bilirlər doğmaları, əzizləri üçün xeyir əməl edirlər. Əslində isə, onlar dinimizin qaydalarını pozur və bununla da məkruh işlər görmüş olurlar”.
Həmsöhbətimiz onu da vurğuladı ki, məzar və sinə daşları barədə qərar qəbul olunsa, bu sahədə yaşanan israfçılığa son qoyular: “İri formalı sinə daşlarının ləğv olunması düzgün qərar olar. Necə ki, yas mərasimləri sadə formada keçirilir. Düzdür, bu bəzi yerlərdə tətbiq olunmasa da, ancaq çox ərazidə artıq əməl olunur. Eyni qayda dəbdəbəli məzar yerlərinin və sinə daşlarının ləğv olunmasına da şamil olunmalıdır”.
Günel CƏLİLOVA