Məlahət Mürşüdlü: “... ali məktəbə hazırlaşan məktəblilər üçün ola bilər”
Artıq Bakı məktəbləri özünü maliyyələşdirmə sisteminə keçəcək. 2020-ci ilə qədər məktəblər özünü maliyyələşdirmə sisteminə keçməlidir. Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə Təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub:
“Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünü maliyyələşməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir”.
M.Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib: "Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil məktəbləri təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır".
Maraqlıdır, paytaxt məktəbləri özünü necə maliyyələşdirəcək?
Məsələ ilə bağlı fikir bildirən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, paytaxt məktəblərinin hansı şəkildə maliyyələşməsi mexanizmi açıqlanmalıdır: “Hazırda məktəb rəhbərlərinə icazə verilir ki, məktəblərin binalarında olan otaqlar, idman zalları və bufetlər icarəyə verilsin. Ordan gələn gəlir məktəbin təsərrüfat işlərinin həllinə sərf ediləcək. Zənnimcə, məktəbdə çalışan müəllimlərin əməkhaqqı, maddi-texniki təminatı və təsərrüfat xərclərini icarə haqları ilə qarşılamaq mümkün deyil. Əgər müəllimlərin əməkhaqqı dövlət tərəfindən ödəniləcəksə, xırda və gündəlik xərcləri təhsil müəssisələri icarə ilə həll edə bilər”.
Həmsöhbətimizin sözlərinə görə, Bakı məktəbləri özünü maliyyələşdirsə belə, onlar özəl məktəbə çevrilməyəcəklər: “Paytaxt ərazisində olan təhsil ocaqlarının hamısı qısa müddət ərzində özəl məktəb ola bilməz. Özünü maliyyələşdirən məktəblər özəl təhsil müəssisəsinə çevriləcəksə, o zaman bu, savadsızlığa səbəb olacaq. Hər bir ailənin maddi durumu imkan vermir ki, övladı özəl məktəbdə təhsil alsın. Ola bilər ki, orta məktəblərin yuxarı sinifləri pullu olsun. Bu, ali məktəbə hazırlaşan məktəblilər üçün ola bilər”.
Günel CƏLİLOVA