Seyid Camal Əzimbəyli: “Xaricdən ölkəmizə turist kimi gələnlərin məscidlərdə yad təsirləri yayması…”
“Azərbaycana turist kimi gələn bəzi insanlar burada həftələrlə qalır və müəyyən insanları ətrafına yığır, müəyyən işlər görür və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsmirlər”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib. Sədr müavini bildirib ki, müvafiq orqanlar bu məsələ ilə bağlı ciddi işlər görməlidirlər. Onun sözlərinə görə, Azərbaycana xüsusilə ərəb ölkələrindən, islam ölkələrindən bəzi “turistlər” gələrkən elə proqram seçilir ki, hansı yolların kənarlarında məscid varsa, oradan keçsinlər: “Onlar həmin məscidlərə girir, ibadət edir. Həmin məscidlərdə gətirdikləri təbliğat vasitələrini yaymağa çalışırlar. Biz bu məsələyə həssas yanaşmasaq, mənfi nəticələrini görəcəyik”.
Məsələ ilə bağlı fikir bildirən şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan məscidlərində təbliğat aparılarsa, bunun qarşısı dərhal alınmalıdır: “Azərbaycana yad təsirləri gətirmək istəyən istənilən ölkənin vətəndaşına qarşı mübarizə aparılmalıdır. Nəinki İrandan, o cümlədən Səudiyyə Ərəbistanı, qardaş Türkiyədən və digər yerlərdən gəlib Azərbaycan məscidlərində açıq təbliğat aparılırsa, bunun qarşısı alınmalıdır. Azərbaycanın milli mənafeyinə, dövlət marağına toxunacaq nələrsə varsa, onları zərərsizləşdirmək üçün aidiyyəti dövlət qurumları birmənalı olaraq fəaliyyəti daha da gücləndirməlidirlər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, xaricdən ölkəmizə turist kimi gələnlərin məscidlərdə yad təsirləri yayması ilə bağlı fakt varsa, sərt tədbirlər görülməlidir.
Günel CƏLİLOVA