Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarının qiyməti tənzimlənib. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayev bildirib ki, ümumilikdə Tarif (qiymət) Şurası tərəfindən Azərbaycanda demək olar ki qeydiyyatda olan bütün dərman preparatlarının qiymətlərinə baxılıb və vahid qiymət qoyulub: "Söz yox ki, bu, daim rotasiya olunan, təkrarlanan prosesdir. Bəzi preparatların qeydiyyatının vaxtı qurtarır, yeni preparatlar qeydiyyata düşür və proses davam etdirilir. Artıq 10 mindən çox dərman preparatının qiymətləri dövlət tərəfindən tənzimlənib".
“2018-ci ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrin əhatəsi genişləndiriləcək”. Bunu da səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini icbari tibbi sığortanın mərhələli şəkildə tətbiq ediləcəyini vurğulayıb: "İcbari tibbi sığorta üzrə fəaliyyət göstərən tibb müəssisələri özəl deyil, dövlət tibb müəssisələridir və onlar publik hüquqi şəxsə çevrilməlidirlər. 10 ildən artıqdır ki, Azərbaycanın dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir. Həmin müəssisələr icbari tibbi sığorta üzrə xidmət göstərmək üçün publik hüquqi şəxsə çevrilməlidir, onların xüsusi hesabları açılmalıdır".
E.Ağayev qeyd edib ki, ilkin olaraq 70 müəssisədə icbari tibbi sığorta üzrə xidmət göstərilməsi nəzərdə tutulub: "Gələcəkdə onların sayı artırılacaq".
Qeyd edək ki, 2016-cı ildən Mingəçevir şəhəri və Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrə başlanıb.