Zaur Əliyev: “Müdafiə prosesində tələb olunan şərtlər var ki, bu, elmi məqalələrin dərc edilməsi, konfranslarda iştirak və elmi seminarlarda çıxışlardır ki, qadınların ailə öhdəlikləri ilə çox zaman üst-üstə düşmür”
Azərbaycanda çalışıb fəaliyyət göstərən elmlər doktorlarının sayı açıqlanıb. Açıqlanan statistik rəqəmlərdə qadın elmlər doktorlarının sayının əks cinsin nümayəndələrinə nisbətən az olduğu qeyd olunur. Bildirilir ki, Azərbaycanda qadın elmlər doktorlarının sayı 453 nəfərdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə 2 067 kişi elmlər doktoru var.
Qadın fəlsəfə doktorlarının sayı kişilərdən daha azdır. Ötən il ölkə üzrə 5 179 qadın, 6 359 kişi fəlsəfə doktoru qeydə alınıb.
Qadın fəlsəfə doktorlarının sayının az olması mütəxəssislər tərəfindən fərqli qarşılandı.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir: “Azərbaycan qadını, hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. Bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz öz layiqli yerlərini tutublar. Ölkəmizdə 5 akademik qadın, 14 müxbir üzv, 274 nəfər elmlər doktoru, 3010 fəlsəfə doktorları var. Yüksək intellektual potensiala malik olan bu qadın alimlərimizin hər biri öz sahəsində dəyərli araşdırmaları ilə Azərbaycan elmində dərin izlər qoyublar”.
Qafın fəlsəfə doktorlarının kişilərə nisbətən az olmasına gəlincə, müsahibimiz qeyd etdi ki, Azərbaycan elmində qadınların fəlsəfə, yaxud elmlər doktoru elmi adı alması üçün məhdudiyyətlər yoxdur. Hər il doktorantura və elmlər doktorluğu hazırlığına sənəd verənlər arasında kifayət qədər qadınlar da var. AMEA-da qadın çalışanların da sayı kifayət qədərdir: “Niyə qadın alimlərin sayı azdır sualına gəlincə, müdafiə prosesində tələb olunan şərtlər var ki, bu, elmi məqalələrin dərc edilməsi, konfranslarda iştirak və elmi seminarlada çıxışlardır ki, qadınların ailə öhdəlikləri ilə çox zaman üst-üstə düşmür. Xanımların ailələrinə ayırdığı zamanla elmə ayırdıqları zaman arasında fərqdən doğur bu rəqəmlərin sayının az olması. Təkrar edirəm ki, Azərbaycan elmində qadınlar üçün heç bir məhdudiyyət yoxdur və istənilən zaman hər bir xanım elmi istiqamətdə müdafiə edə bilər”.
Günel CƏLİLOVA