Ərşad Hüseynov: “Qaydalara uyğun olaraq cəriməni ödəməyən piyadanın əmlakına həbs qoyula bilər”
Məlumdur ki, yol hərəkəti qaydalarını pozmağa görə təkcə sürücülərə yox, piyadalara və sərnişinlərə də cərimə tətbiq olunur. Qeyd edək ki bəzi hallarda cərimələnən piyadalar cərimə məbləğini ödəmirlər, ya da ümumiyyətlə bunu ciddiyə almırlar. Ancaq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev cəriməni ödəməyən piyadaları sərt cəzaların gözlədiyini bəyan edib.
O, media nümayəndələrinə açıqlamasında bildirib ki, il ərzində 140 mindən çox piyada yolu keçmə qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunur. Onlardan çoxu il ərzində 4-5 dəfə eyni hərəkəti təkrar edir və cərimələnir: “Bəlkə də arxayınlıq yaranır ki, qaydanı pozsam da, cərimə ödəmirəm. Amma icra strukturları tərəfindən qaydaları pozmuş piyadaların əmlakına həbs qoyulması, hətta xarici ölkələrə gedən zaman ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsi və s. kimi vasitələr var”.
Onun sözlərinə görə, cərimə olunan həmin şəxslər bilmədirlər ki, cəriməni və üzərinə gəlmiş dəbbə pulunu ömrünün sonuna qədər ödəmək məcburiyyətindədir: “Yəni kimsə bu cəriməni ödəmirsə, elə bilməsin ki, batdı getdi və bir daha ondan tələb edilməyəcək. Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa, onun cərimələri ondan alınacaq. Yaxud da onun hansısa əmlakına yönləndiriləcək. Bir gün həmin əmlakdan istifadə etmək istədikdə görəcək ki, əmlak artıq onun deyil, üzərində həbs var. Cərimə və əmlaka həbsdən də vacib odur ki, piyada öz məsuliyyətini dərk etməlidir. Əgər o nəzərdə tutulmayan yerdən keçirsə, ilk növbədə həyatını risqə atmış olur. Ondan sonra düşünməlidir ki, bu hərəkətim cibimə ziyandır. Əlbəttə, cərimə ilə insan həyatı bir tutula bilməz”. Məsələ ilə bağlı fikir bildirən nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi piyadalar yol hərəkəti qaydalarına riayət etməməklə yanaşı, cərimələri də ödəmək istəmirlər: “Piyada cəriməni ödəməsə, o zaman Dövlət Yol Polisi həmin məlumatı icra məmurlarına göndərəcək. İcra məmuru da qaydalara uyğun olaraq cəriməni ödəməyən piyadanın əmlakına həbs qoya bilər. Həbs isə cərimənin məbləği hansı dəyərdədirsə, o əşyaya tətbiq olunacaq. Ancaq son zamanlar cəriməni ödəmək istəməyənlərin cəriməsi onların əməkhaqqından tutulur. Ölkə çıxışına qadağa isə qoyula bilməz. Bu yalnız məhkəmənin qərarı ilə qoyula bilər. Məhkəmənin cərimə ilə bağlı qərarı icra edilmədiyi təqdirdə həmin şəxsin ölkədən çıxışına qadağa qoyula bilər”.
Günel CƏLİLOVA