İlqar Hüseynli: “Sui-istifadə hallarının artması səbəblərindən biri...”
Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda dələduzluğa görə cəza sərtləşdirilir. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə yeni 178.4-cü bənd əlavə edilir.
Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırkı 178.2.4-cü maddəyə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə əsasən, bu əməl baş verdikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.
178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə 1000 manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluğa görə cəzaların sərtləşdirilməsinə münasibət bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vaxtaşırı qanunvericiliyə dəyişikliklər olunur. Ümumiyyətlə, hazırda Azərbaycan cəmiyyətində dələduzluqla bağlı çoxsaylı insan əziyyət çəkir: “Xüsusən də tikinti sektorunda bu hal özünü daha qabarıq şəkildə göstərir. Bəllidir ki, insanlar mənzil alarkən çoxsaylı dələduzluq faktları ilə üzləşirlər. Bir neçə tikinti şirkəti insanların əllərində olan vəsaiti alıb və sonra məlum tikinti şirkətinin sahibi bir mənzili bir neçə şəxsə satıb. Sonda məhkəmə çəkişmələri baş verir və nəticədə şirkət rəhbərləri az cəza ilə vəziyyətdən çıxırlar. İtirən inanıb pul verən şəxslər olur”.
Həmsöhbətimizin sözlərinə görə, son illər müxtəlif sahələrdə dələduzluq faktı artıb: “Həmçinin, kommersiya və bank sektorunda da sui-istifadə halları baş verir. Sui-istifadə hallarının artması səbəblərindən biri cinayət məsuliyyəti yükünün az olmasıdır: “Cəzalar sərtləşdirilsə, insanlarda müəyyən mənada qorxu yaranar. Dələduzluğa görə daha ağır formada cəza tədbirinin tətbiqinin tərəfdarıyam”.
Günel CƏLİLOVA