Sentyabrın 22-də saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəlib. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.
Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o, tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib. Həmkarımızın vəziyyəti normaldır, hazırda həmin xəstəxanada müalicəsi davam etdirilir.
Xəyalə Məmmədova, DİN mətbuat xidmətinin əməkdaşı