“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi orta və ali məktəblərdə gənclər arasında vətənpərvərlik sahəsindəki hazırkı vəziyyətdən narahatdır. Bu barədə qurumun rəhbəri Mətləb Salahov jurnalistlərə açıqlamasında bildirib.
Qurum rəhbəri həm orta, həm də ali məktəblərdə vətənpərvərlik sahəsində formallıqdan uzaq, əsl maarifləndirməyə ehtiyac olduğunu deyib. O bildirib ki, son günlər bir sıra sosial şəbəkələrdə ali məktəblərdə təhsil alan gənclər arasında aparılan sorğular zamanı gənclərin əsasən Azərbaycan tarixi barədə olduqca tükürpədici yalan və savadsız fikirlər səsləndirmələri, konkret olaraq 20 Yanvar faciəsi və bir sıra rayonların işğalı barədə suallara biabırçı şəkildə cavab vermələri ölkənin gələcəyi baxımından ciddi narahatlıq doğurur: “Bu yaxınlarda 20 Yanvar faciəsi və işğal olunmuş rayonlarımız barədə aparılan sorğu zamanı ali məktəb tələbələrinin insanı dəhşətə gətirən savadsız cavabları bəri başdan həyəcan təbili çalmağın vaxtı çatdığını göstərir. Belə ki, bir çox ali məktəb tələbələrinin 1990-cı ilin 20 yanvar tarixində ermənilərin Bakıya girərək insanları öldürməsi barədə, habelə Qarabağ müharibəsi zamanı Xaçmaz, Daşkəsən kimi rayonların da “işğal” olunması haqqındakı tükürpədici fikirlər səsləndirmələri ali məktəb ocaqlarında tariximizin daha çox formal şəkildə tədris olunduğunu ortaya çıxarır. Bu fakt isə, sözün əsl mənasında, cəmiyyyətin gələcəyi üçün əsl həyəcan təbilidir”.
Baki-xeber.com