Fatimə Hacıbəyli: “Gənc ailələrin bəzisinin maddi durumu normal olmadığı üçün, xanımlar çarəsizlikdən ali təhsilini davam etdirə bilmir və onların təhsili yarımçıq qalır”
Azərbaycanda hamilə və ya 2 yaşına qədər uşağı olan xanım tələbələrin universitetlərdə ödənişsiz əsaslarla təhsil alması təklif olunur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən iclasında deputat Musa Quliyev Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınların ödənişsiz əsaslarla oxumasının təmin edilməsini təklif edib.
Millət vəkili çıxışı zamanı bildirib ki, dünyanın bir çox ölkələrində belə qadınlar pulsuz təhsil alırlar: “Həmin qadınlar ödənişli əsaslarla universitetə qəbul olunsalar da, onlara ödənişsiz qaydada oxumaq üçün imkan yaradılır. Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün gedib pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, ya çoxdur”.
Hamilə və 2 yaşına qədər uşağı olan xanımların təhsil haqqından azad olunması təklifi ictimaiyyət tərəfindən müsbət qarşılanır.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gənc anaların təhsil haqqından azad olunması müsbət ideyadır: “Nəzərə almaq lazımdır ki, onların üzərində yetərincə qayğı və çətinlik var. Həm hamiləlik və ya azyaşlı uşağı saxlamaq kimi o anaların sıxıntıları olur. Həm maddi, həm də mənəvi baxımından o analar yetərincə əziyyət çəkirlər. Bu səbəbdən də onlara dəstək olmaq məqsədilə təhsil haqqından azad olunması təklifi qanun şəklinə salınmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, adıçəkilən təklif tək tənha analara deyil, gənc ailələrə də şamil olunmalıdır: “Bu gün yeni ailə quran ailələrin əksəriyyətinin xanımları tələbədir. Gənc ailələrin bəzisinin maddi durumu normal olmadığı üçün, xanımlar çarəsizlikdən ali təhsilini davam etdirə bilmir. Onların təhsili yarımçıq qalır. Bu səbəbdən də yaxşı olar ki, o cür ailələrin xanımları da təhsil haqqından azad olunsun.
Hamilə xanımların təhsil haqqından azad olunması onların bətnindəki körpənin sağlam dünyaya gəlməsinə səbəb olacaq. Bəllidir ki, hamilə qadın ödənişi necə ödəyəcəyini düşünərək, onun həll yollarını axtararaq bətnindəki körpəyə psixoloji təsir göstərir. Sağlam gələcək üçün belə bir təklif reallaşmalıdır”
Günel CƏLİLOVA