Eyyub Hüseynov: “Sulu qəlyandan istifadəni qadağan etməklə yanaşı, onun satışı da dayandırılmalıdır”
Azərbaycanda qapalı məkanlarda sulu qəlyanın qadağan edilməsi ilə bağlı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə irəli sürülən təklif nəzərə alınıb və layihəyə müvafiq dəyişiklik edilib. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev media nümayəndələrinə açıqlamasında deyib.
M.Quliyev qeyd edib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir: “Ona görə sulu qəlyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilib”.
Deputatın sözlərinə görə, qanun layihəsi payız sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, layihənin Milli Məclisdə ikinci oxunuşu zaman deputatlar sulu qəlyanın da qadağan olunmasını təklif etmişdi.
Qəlyanın adi siqaretlərdən daha təhlükəli olması dəfələrlə ictimaiyyətə açıqlanıb.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, sulu qəlyandan istifadəyə qarşı kəsərli tədbirlər görülməlidir: “Məlumat üçün bildirim ki, ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı strategiya təsdiq olunub. Həmin strategiyanı Səhiyyə Nazirliyi həyata keçirir. Strategiyada qeyd olunur ki, yaxın 5 il ərzində ölkədə siqaret istifadəçilərinin sayı 10 faiz azaldılmalıdır”.
Həmsöhbətimiz təklif edir ki, sulu qəlyandan istifadəni qadağan etməklə yanaşı, onun satışı da dayandırılsın. Qapalı məkanlarda sulu qəlyanın istifadəsi qadağan olunmalıdır: “Sulu qəlyan daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis vərdiş kimi qapalı məkanlarda qadağan olunmalıdır. Açıq havada çəkilməsinə icazə vermək olar. Yaxud xüsusi lisenziya ilə işləyən qəlyanxanalar açmaq olar. Uşaqları, məktəbliləri siqaret tüstüsü olan məkanlardan uzaq tutmaq lazımdır”.
Günel CƏLİLOVA