I yazı
Azərbaycançılığın elmi cəhətdən inkişaf etdirilməsində sözsüz ki, Qori Müəllimlər Seminariyasının, eləcə də İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunlarının əvəzsiz xidmətləri olub. Azərbaycançılıq ideologiyasının ədəbiyyatda, mədəniyyətdə, maarifdə, elmdə özünə dərin izlər salmasında seminariya məzunları köklü işlər görüb. Azərbaycan tarixində böyük yeri olan şəxsiyyətlər azərbaycançılığın prinsiplərini sistemli şəkildə əsərlərində əks etdirib.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəsmi saytında idarənin baş məsləhətçisi Rafiq Səfərov "Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında" maraqlı faktları gündəmə gətirib. R.Səfərov yazır ki, Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) şöbəsi və İrəvan müəllimlər Seminariyasının Azərbaycanda xalq maarifinin, məktəb-təhsil işinin yayılmasında, mədəniyyətin və ictimai-pedaqoji fikrin inkişafında mühüm tarixi xidməti və rolu olub: "Məşhur rus pedaqoqu K.D.Uşinskinin layihəsi əsasında yaradılmış Qori və İrəvan seminariyalarının çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına baxmayaraq, bu tədris ocaqlarının Azərbaycanda xalq məktəbi və maarifinin inkişafında müstəsna xidməti olub. Bu seminariyaları bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərmiş, xalq kütlələri arasında savad yayaraq onları cəhalətin, geriliyin əsarətindən qurtarmağa çalışmışlar. Tarixdən məlumdur ki, keçmiş Çar Rusiyasında müsəlmanlara ilk vaxtlarda müəllim seminariyalarında təhsil almaq hüququ verilmirdi. Bu hüququn əldə edilməsi heç də asanlıqla başa gəlməmişdir. Xalqımızın mütərəqqi ziyalıları milli ayrıseçkiliyə qarşı və müsəlmanlara seminariyalarda təhsil almaq hüququnun verilməsi uğrunda çalışmışlar. Qeyd edək ki, çar hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq "özgə" xalqların təhsil və maarif işlərinə, demək olar ki, qayğı göstərmirdi". R.Səfərovun yazdığına görə, çar hakimiyyəti xalqların savadlandırılmasını onların milli oyanışında, özünüdərk və azadlıq yolunda əsas şərtlərdən biri hesab etdiyinə görə məzlum xalqların, o cümlədən müsəlman xalqlarının dünyəvi təhsil almasına imkan yaratmaq istəmirdi. Onun qeyd etdiyinə görə, çar hakimiyyətinin ucqarlardakı, o cümlədən Azərbaycandakı təhsil sistemi çarizmin imperiya ərazisində yürütdüyü müstəmləkəçilik və hakim millətçilik siyasətinin bariz təzahürü idi: "Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın tərəqqipərvər ziyalıları mövcud vəziyyətlə barışmır, millətin gələcək taleyini düşünür, vətən övladlarının dünyəvi məktəblərdə təhsil almaq hüququ uğrunda mübarızəyə başlayaraq "biz öz dilimizdə oxuyub dilimizi, milliyyətimizi bilmək istəyirik" deyə təhsil sistemində müsəlmanlara qarşı həyata keçirilən milli ayrıseçkilik siyasətinə qarşı etiraz səslərini ucaldırdılar. XIX əsrin II yarısında Azərbaycanda milli şüurun oyanması və formalaşmasında, maarifçilik hərəkatının yaranmasında H.Zərdabi və onun "Əkinçi" qəzetinin böyük xidmətləri olmuşdur. Köhnə həyat tərzinin dəyişdirilməsi yolunda xalqın maariflənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini yaxşı dərk etmiş H.Zərdabi və digər mütərəqqi maarifpərvər ziyalılarımız bu yolda daim yorulmadan çalışmışlar".
Alim yazır ki, XIX əsrin sonlarında Azərbaycanda kapitalist münasibətləri sürətlə inkişaf etməyə başlamışdı. R.Səfərovun yazdığına görə, kapitalizm münasibətlərinin inkişafı cəmiyyətin sosial strukturunda müəyyən dəyişikliklərə gətirib çıxarmış və yeni sinif olan çoxmillətli burjuaziya və proletariat formalaşırdı: "Həmin dövrdə Azərbaycanda müsəlman müəllim kadrlarına böyük ehtiyac duyulurdu. Lakin müəllim kadrlarına olan tələbatların ödənilməsi üçün təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün Cənubi Qafqaz bölgəsində pedaqoji kadrlar hazırlayacaq xüsusi bir tədris müəssisəsi yox idi. Qafqaz bölgəsində dövlət məktəbləri üçün müəllim kadrlarını hazırlayan ilk təhsil ocağı Qafqazda xristianlığı bərpa edən cəmiyyət tərəfindən 1866-cı ildə Tiflis şəhərində yaradıldı. Tiflis şəhərində əsası qoyulan Aleksandrovski müəllimlər məktəbində şəhər məktəbləri üçün müəllim kadrlar hazırlanırdı. 1872-ci ildə həmin məktəb Aleksandrovski Müəllimlər İnstitutuna çevrildi. Lakin müsəlmanlar bu instituta qəbul edilmirdi. Aleksandrovski Müəllimlər İnstitutuna müsəlman olmayan digər millətlərin nümayəndələrinin qəbul olunmağa hüquqları vardı. Qeyd edək ki, 1872-ci ilin əsasnaməsinə əsasən, müsəlmanlara ali-ibtidai və şəhər məktəblərində ştatlı müəllim vəzifəsini tutmaq hüququ da verilmirdi. Çar hakimiyyətinin yürütdüyü hakim millətçilik və milli ayrıseçkilik siyasətinin nəticəsi idi ki, təhsildən uzaqlaşdırılan azərbaycanlıların nəinki Müəllimlər İnstitutunu bitirmiş, hətta adi ibtidai məktəblərdə dərsi keçmək üçün müəllim kadrları yox idi. 1875-ci ildə təsdiq edilmiş və 1917-ci ilə qədər qüvvədə olmuş "Xalq Maarif Nazirliyinin müəllim seminariyaları üçün təlimatı"na əsasən, müəllimlər seminariyasına pravoslav dininə məxsus bütün təbəqələrdən olan, tərbiyəli davranışı barədə rəy təqdim etmiş, 5-6 il ibtidai məktəbdə oxumuş və 2 sinifli ali-ibtidai məktəbin proqramı üzrə qəbul imtahanlarını müvəffəqiyyətlə başa vuraraq 16 yaşa çatmış şəxslər qəbul edilirdi.
Yalnız zamanın tələbi ilə ali-ibtidai məktəblərdə dərs deyə biləcək müsəlman müəllimlərin sayını artırmaqdan ötrü Qafqaz Tədris İdarəsinin rəhbərliyi tərəfindən müəllim seminariyalarını bitirmiş müsəlmanlar üçün qısamüddətli kurslar açıldı. Müsəlmanlara da ali-ibtidai məktəblərdə ştatlı müəllim yerlərinin verilməsinə başlandı. Müsəlmanlara Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmaq hüququ verildi".
Milli Arxiv İdarəsinin baş məsləhətçisi yazır ki, XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya İmperiyasının bir sıra bölgələrində, o cümlədən Cənubi Qafqazda kənd məktəbləri üçün müəllim kadrları hazırlayan müəllim seminariyaları meydana gəldi. Əsasən zemstvalar tərəfindən yaradılan müəllimlər seminariyaları öz işlərini dahi rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinski tərəfindən işlənib hazırlanmış "Müəllimlər seminariyasının layihəsi" əsasında qururdu: "Çar hakimiyyəti seminariyaların zemstvalar tərəfindən açılmasını müxtəlif yollarla dayandırmağa çalışsa da, buna nail ola bilmədi. Mütləqiyyət seminariyaların yaradılması prosesini öz nəzarəti altına almaqdan ötrü 1870-ci ildə "Müəllimlər seminariyası haqqında Əsasnamə"ni təsdiq etdi. Həmin əsasnaməyə görə, müəllim seminariyaları zemstvalar tərəfindən deyil, hökumət tərəfindən yaradılmalı idi.
Zaqafqaziya Müəllimlər Seminariyası Rusiya imperatoru II Aleksandrın 08 aprel 1875-ci il tarixli fərmanı ilə təsis edildi. Qori şəhərində bütün Cənubi Qafqaz üzrə təşkil edilmiş Zaqafqaziya Müəllimlər Seminariyası dövrün qabaqcıl seminariyalarından biri sayılırdı. Həmin Seminariya haqqında əsasnamənin 1-ci bəndində göstərilirdi: "Zaqafqaziya Müəllimlər Seminariyasının məqsədi özünü ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir". Əsasnamənin 1-ci bəndinin qeyd hissəsində yazılmışdı ki, "Müsəlmanlar üçün xüsusi məktəb açılanadək, müsəlmanlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir". Lakin Zaqafqaziya Müəllimlər Seminariyasında və onun nəzdində yaradılmış üç ibtidai-rus, gürcü, erməni məktəblərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bilən müəllimlərin, demək olar ki, olmaması azərbaycanlı gənclərin bu məktəblərə cəlb olunması işini ləngidirdi".
Tədqiqatçı qeyd edir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan kəndlərindəki mövcud olan və açılması nəzərdə tutulan məktəblərin müsəlman azərbaycanlı müəllim kadrlarla təmin edilməsinə böyük tələbat var idi. Tədqiqatçının yazdığına görə, zamanın tələbi, həmçinin müsəlmanlara qarşı edilən milli ayrıseçkiliyə qarşı mütərəqqi ziyalılarımızın yüksələn etiraz səsləri çar hökumətini "Müəllimlər seminariyaları haqqında təlimat"ın tələblərindən kənara çıxmağa məcbur etdi: "Beləliklə, seminariyalarda təkcə pravoslavların deyil, müsəlmanların da təhsil almasına icazə verildi. Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər və xalqımızın mütərəqqi ziyalılarının maarif-təhsil işi uğrunda mübarizəsinin nəticəsi olaraq Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan-R.S.) bölməsinin yaradılmasına Qafqaz canişini tərəfindən razılıq verildi. Qori Müəllimlər Seminariyasının məzunu olmuş, sonralar isə məşhur pedaqoq, dövrünün görkəmli dövlət xadimi kimi yetişmiş, xalqımızın böyük oğlu N.Nərimanov 1906-cı ildə yazdığı məqaləsində qeyd edirdi: "Rusiya baş qaldırıb yüz illərlə ixtiyarını itirmiş, indi zor ilə hərəkət edən millətlərə yavaş-yavaş ixtiyar verir. Hər millətin öz ana dili uşaqları üçün vacib olub məktəblərdə oxunur. Bizim camaat bunları görüb yenə də lal və kar qalmış, axırda dövlət özü qafqazlılar üçün ümumi qanun düzəldib dedi: qeyri-millətlərə verilən ixtiyar siz müsəlmanlara da verilir. Bacarırsınızsa, siz də öz başınıza çarə qılınız. Bu fikirlə türk dilini müsəlman müəllimlərinə vacib bildi, qəza şəriyəti də bunu vacib bildi... Lakin kəndi xahişiləmi? Xeyr, zəmanə tələb etdi. Ana dilini bu vaxtadək lazım bilməyib onun yox olmasına çalışan dövləti bir qanlı hürriyyət indi vadar edir ki, ana dilini qeyri- dillər kimi uşaqlara vacib bilsin...".
Zəmanənin tələbi ilə Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində yaradılmış ayrıca tatar (Azərbaycan-R.S.) şöbəsi 1879-cu il sentyabrın 23-də Qori şəhərində fəaliyyətə başladı. Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan-R.S.) şöbəsinin fəaliyyəti Dövlət Şurasının 13 may 1880-ci il tarixli qərarı ilə rəsmiləşdirildi. Azərbaycanlı müsəlman müəllim kadrların hazırlanması kimi tarixi missiya bu şöbənin üzərinə düşdü. Azərbaycan şöbəsinin 1880-ci il mayın 13-də təsdiq edilmiş əsasnaməsinə görə, bu şöbənin məqsədi Cənubi Qafqazın Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və bacarıqlı müəllimlər hazırlamaqdan ibarət idi. Seminariyanı 1881-ci ildə bitirmiş məzunlardan yalnız üç nəfəri - Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görüldülər. Azərbaycan şöbəsinin inspektoru A.Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxladı. T.Bayraməlibəyov Qori Seminariyasını bitirdikdən sonra Lənkəranda rus məktəbində dərs deməyə başladı. O həmçinin XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan və mütərəqqi ziyalılarımızın tribunasına çevrilmiş "Kaspi" qəzetində Lənkəran bölgə müxbiri kimi fəaliyyət göstərmişdi. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H.Zərdabi və digərləri ilə yanaşı, o da tez-tez müxtəlif məsələlərlə bağlı bu qəzetdə çıxış etmişdi".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.