“Müəllimin səriştəli olması minimal şərtdir. Bünövrə düzgün olmasa, problemlər yaranır. Şagirdlərin öyrənmə keyfiyyətini tədqiq edən araşdırmalar yoxdur və bu da problem yaradır”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
E.Əmrullayev bildirir ki, şagirdlərin öyrənmə keyfiyyətini tədqiq edən araşdırmalar yoxdur. Bu fikir müəyyən suallara səbəb olub. Şagirdlərin öyrənmə səviyyəsi araşdırmalarla tədqiq olunurmu? Şagirdlərin öyrənmə səviyyəsinin müəyyən olunması üçün hər hansı bir mexanizm, qayda niyə yoxdur?
Elçin Əfəndi: “Şagirdlərin öyrənmə keyfiyyətini müəyyən etmək üçün yeni mexanizm yaradılmalıdır”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şagirdlərin öyrənmə keyfiyyətini müxtəlif üsullarla öyrənmək olar: “Ancaq tam olaraq keyfiyyəti öyrənmək üçün tədqiqat istiqamətində araşdırma aparılması vacibdir. Məlumdur ki, 4-6-cı siniflərin monitorinqi keçirilir. Həmin siniflərdə mövcud vəziyyəti bəzi fənlər üzrə öyrənmək olur. 9-11-ci siniflərin buraxılış imtahanında nəticələrini 3 fənn üzrə öyrənmək olur. Ancaq bütov fənləri şagirdlərin öyrənməsini araşdırmaq yalnız summativ qiymətləndirmə və KSQ, BSQ ilə mümkündür. Ancaq tam nəticə əldə etmək olmur”.
Həmsöhbətimiz hesab edir ki, şagirdlərin öyrənmə keyfiyyətini müəyyən etmək üçün yeni mexanizm yaradılmalıdır. Qarşıdakı dövrdə nazirlik və nəzarət funksiyası olan agentlik tərəfindən müvafiq tədbirlər görüləcək.
Cavanşir Əliyev: “Tədris müddətində sınaqlar keçirilir, KSQ və BSQ ilə şagirdlərin bilik səviyyəsi müəyyən olunur”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şagirdin dərsi mənimsəyib-mənimsəmədiyini bir neçə üsulla öyrənmək olar: “Məlumdur ki, tədris müddətində sınaqlar keçirilir, KSQ və BSQ ilə şagirdlərin bilik səviyyəsi müəyyən olunur. Şagirdin dərsə hazırlıqsız gəlməsi onun proqramı qavramaması deməkdir. Bunun üçün müəllimlər həm öz üzərlərində, həm də şagirdlərlə mütəmadi məşğul olmalıdır. Müəllim yeni metod və yanaşmaları tətbiq etməyə hazır deyilsə, tədris müddətindəki dəyişiklik nəticə verməyəcək. Bu səbəbdən də müəllimlər üçün davamlı inkişaf proqramları hazırlanmalı, onların motivasiyası və metodoloji dəstəyi artırılmalıdır".
Günel CƏLİLOVA