Hüseyn Axundov: “Məsafədən işin tənzimlənməsinin artıq qanunvericilikdə öz əksini tapması yaxşı haldır, bu, işçilərin hüquqlarını qorumaq və öhdəliklərini rəsmiləşdirmək üçündür”
Xəbər verildiyi kimi, məsafədən (distant) işləmək qanuniləşir. Bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin ötən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə olunan yeni - məsafədən (distant) iş anlayışı əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsi deməkdir.
“Pandemiya dönəmində bütün dünyada sübut olundu ki, məsafədən də işlər görülə, öz qaydasında gedə bilər, şərt deyil ki, işçi mütləq iş yerinə gəlsin”
Məsələ barədə fikir bildirən hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əmək fəaliyyətində distant məşğulluğun rəsmiləşməsi arzuolunan haldır: “Çünki bu, müəyyən səbəblərdən məşğulluğa qəbul ola bilməyən, iş yerlərinə gələ bilməyən çoxsaylı insanların əmək bazarına qazandırılması deməkdir. İş ofisə gəlib-getməyə ehtiyac olmadan, məsafədən görülə bilirsə, niyə də olmasın? Pandemiya dönəmində bu, bütün dünyada sübut olundu ki, məsafədən də işlər görülə, öz qaydasında gedə bilər. Şərt deyil ki, işçi mütləq iş yerinə gəlsin, orada 8 saat və s. müddətdə mütləq otursun. Həmin dövr göstərdi ki, uzaqdan iş fəaliyyəti qurmaq mümkündür. Məsafədən işin tənzimlənməsinin artıq qanunvericilikdə öz əksini tapması yaxşı haldır. Bu, işçilərin hüquqlarını qorumaq və öhdəliklərini rəsmiləşdirmək üçündür. Məlumat üçün deyim ki, distant iş məsələsi dünyada bir ənənəyə çevrilib. Şirkətlə işçi arasında əmək müqaviləsi bağlanır, onun qarşısına görəcəyi iş və vəzifələri qoyulur, əməkhaqqı haqda məlumat verilir. İşin harada, hansı şəraitdə yerinə yetirilməsi artıq onun öz işidir. Müasir, yeni dövrün tələbləri əmək münasibətlərində də öz əksini tapır və Azərbaycan da bunu zaman gəldikcə edir”.
Günel CƏLİLOVA