İlqar Orucov: “Akademiyanın üzvləri yığışıb, müvafiq qərar qəbul edə bilər”
Məlum olduğu kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Yaranmış vəziyyətlə bağlı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli mediaya açıqlamasında dərin təəssüf hissi keçirdiyini deyib.
O qeyd edib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq.
Onu da xatırladaq ki, məlum şəxslə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı, səslənən ittihamlar var. Belə olduğu halda. məhkəmənin qəti hökmünə qədər bu məsələyə baxıla bilər? Yəni məhkəmə hökmündən əvvəl Mehdiyev həqiqi üzvlükdən azad edilə bilərmi?
“AMEA-nın həqiqi və müxbir üzvləri Akademiyanın nizamnaməsindən irəli gələrək, bu insanın etdiyi cinayətləri nəzərə alıb, məhkəmə təsdiqinə qədər gözləməli deyillər”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, R.Mehdiyevlə bağlı kifayət qədər ciddi ittihamlar səslənir: “Dövlətin təhlükəsizliyini təmin edən ciddi bir qurumun - DTX-nın bu istiqamətdə gördüyü işlər onu deməyə əsas verir ki, məhkəmə qərarı olmadan belə adıçəkilən şəxsin AMEA-nın üzvlüyü məsələsinə baxılmalıdır. Belə ki, Akademiyanın üzvləri yığışıb, müvafiq qərar qəbul edə bilər. Hesab edirəm ki, uzun müddət gözləməyə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, R.Mehdiyevlə bağlı səslənən ittihamlar kifayət qədər ciddidir. Dövlətçiliyimiz və təhlükəsizliyimiz üçün böyük təhdidlər olub. Bu səbəbdən də məlum məsələyə qısa müddətdə baxılmalıdır. Bunun üçün nəyisə düşünmək, məhkəmə qərarını nə zaman veriləcəyini gözləmək düzgün deyil. AMEA-nın həqiqi və müxbir üzvləri Akademiyanın nizamnaməsindən irəli gələrək, bu insanın etdiyi cinayətləri nəzərə alıb məhkəmə təsdiqinə qədər gözləməli deyillər”.
Günel CƏLİLOVA