Tural İrfan: “Uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirməlidir”
Youtube-də və müxtəlif sosial şəbəkələrdə azərbaycanlı uşaqların Nəcəf-Kərbəla yolunda zəvvarlara xidmət göstərdiyini əks etdirən video yayılıb. Uşaqların bir neçəsinin geyiminin üzərində Azərbaycan bayrağı var və onlar azərbaycanlı olduqlarını, ora Azərbaycandan getdiklərini və zəvvarlara çay-çörək verdiklərini, xidmət göstərdiklərini bildirirlər.
Qeyd edək ki, video “Sahar Azəri” adlı platformanın loqosu ilə yayılıb.
Maraqlıdır, azərbaycanlı uşaqları ora kim aparıb? Hansı məqsədlə onlar ordadır? Uşaqların belə bir işə cəlb edilməsi nə qədər doğrudur?
“Azərbaycandan İraqa azyaşlı uşaqları aparıb istismar etmək, xidmət adı ilə təxribatçı planlara alət etmək əsla qəbul oluna bilməz”
Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, islam dininin özək prinsiplərinə görə vacib olan ziyarət yalnız Həcc ibadətidir ki, ora da həddi-büluğa çatandan sonra getməyə icazə verilir. “Kərbəla, Məşhəd kimi məkanların ziyarətinin fərz olması ilə bağlı heç bir məzhəbin fiqhində qəti əmr yoxdur. Çünki Peyğəmbər dövründə o ziyarətgahlar yox idi. Həzrət Muhəmməd Peyğəmbər sağlığında rəsmi olaraq bircə dəfə Kəbəni ziyarət edib, yəni Həcc edib. Orada da uşaqların iştirakı olmayıb. Xidmət etmək üçün xüsusi nümayəndələr olub. Uşaqların orada istismar edilməsi dinə və dünyəvi qanunlara da ziddir. Bu gün isə farsizm ideologiyasının tərkibi kimi dini və şiəliyi siyasiləşdirib İmam Hüseynin obrazından, məzarından siyasi təbliğat vasitəsi kimi, İranın təxribatçı maraqlarına alət kimi sui-istifadə olunur. Bu yolverilməzdir”.
T.İrfan qeyd etdi ki, Kərbəlada Həzrət Məhəmmədin nəvəsi, İmam Əlinin oğlu Həzrət Hüseyn dəfn olunub. O vurğuladı ki, onun məzarını ziyarət etmək İslam hüququnda vacib olmasa da savab əməllərdəndir: “Amma uşaqları ora aparmaq, ələlxüsus da xidmət adı ilə istismar etmək, əksinə, günah və dinin əleyhinədir. Məgər Həcc ziyarəti ərəfəsində Peyğəmbər kiçik nəvələrini, səhabələrin uşaqlarını orada xidmət etməyə aparıb? Əsla belə fakt yoxdur tarixdə. İranın dağıdıcı, təxribatçı ideoloji sisteminin tərkib hissəsi olaraq son zamanlar qadınları və uşaqları öz mənfur niyyətlərinə alət etmək cəhdləri nəzərə çarpır. Ölkəmizdə də bir qrup qadını təxribatçı əməllərə meyl etdiriblər. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirməlidir. Azərbaycandan İraqa azyaşlı uşaqları aparıb istismar etmək, xidmət adı ilə təxribatçı planlara alət etmək əsla qəbul oluna bilməz. Məqsəd uşaqlar vasitəsilə əsasən Azərbaycandan gedən zəvvarların həssas hisslərinə toxunaraq, altdan-altdan İranın təxribatçı niyyətlərini beyinlərə yetirməkdir. Bu məsələdə əsla İmam Hüseynə, İslama xidmətdən söhbət gedə bilməz. Ölkəmizdə bu ziyarətləri kimlər, hansı təşkilatlar təşkil edirsə onlarla bağlı ciddi araşdırma başlanmalıdır. Bu uşaqları aparıb xarici ölkədə əmək müqaviləsi olmadan uyğunsuz iqlim şəraitində istismar etmək qanunlara ziddir. Digər tərəfdən, bu işlərin din, ziyarət adı altında edilməsi dini, mənəvi dəyərləri də zədələyir. Kərbəla ziyarətini artıq alver, biznes, yaxud da İranın siyasi propaqanda meydanına çeviriblər. İndi də qadın və uşaqları bu adla aldadırlar. Bu uşaqları ora kimlər hansı yollarla aparıbsa araşdırılmalı, alt qatda yatan gizli maraq və niyyətlər üzə çıxarılmalıdır. Dində ibadət də, ziyarət də gözəl işlərdəndir. Amma ibadəti, ziyarəti siyasətə, təxribata, başqa mənfi məqsədlərə alət etmək böyük günah və cinayətdir. Xüsusən də uşaqları bu yolda istifadə etmək, qalxana çevirmək qəbuledilməz əməldir”.
İradə SARIYEVA