Son zamanlar sosial şəbəkələrdə döyüş xoruzlarının satışa çıxarılması ilə bağlı məlumatlar paylaşılır. Paylaşılan elanlarda xoruzların qiyməti 3-25 min manat arasında dəyişir. Məlumat üçün qeyd edək ki, ölkəmizdə xoruz döyüşləri qadağan olsa da, bu cür elanlar durmadan artır.
Məlumata görə, döyüş zamanı əsasən “Heyratı” adlanan xoruz növündən istifadə olunur.
Qeyd etdiyimiz kimi, ölkədə xoruz, it döyüşdürmək qadağandır. Lakin bu cür elanların yayılması gizli heyvan döyüşlərinin hələ də (xoruz, it) keçirilməsindən xəbər verir.
Bildirək ki, xoruz döyüşləri xüsusi meydanlarda keçirilir. Azərbaycanda xoruz döyüşləri ənənə hesab olunurdu. Məsələn, qədim zamanlarda bahar gecə-gündüz bərabərliyinin qeyd edildiyi Novruz bayramı xoruz döyüşləri olmadan keçirilməzdi. Hələ on il əvvələ qədər Bakı qəsəbələrində – şəhərin kənarında xoruz döyüşləri üçün xüsusi meydanlar vardı, üzərinə qumar oynanan bu yarışlar açıq keçirilirdi.
Azərbaycandakı heyvan haqları müdafiəçiləri xoruz döyüşlərini həmişə qəddar və qeyri-insani məşğuliyyət hesab ediblər. Və bu səbəbdən də bu döyüş növünün qadağan olunmasına nail olublar. Bu ölkəmizdə heyvan döyüşdürmək rəsmən qadağandır. Kimsə gizlin şəkildə it və ya xoruz döyüşdürərsə qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılır.
“Heyvanlara qarşı bu cür sərt münasibətə son qoyulması üçün qanunvericiliyə dəyişikliklər edilməlidir”
Heyvanların Müdafiəsi Birliyinin prezidenti Azər Qarayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, it və xoruz döyüşləri ən çirkin və Azərbaycan xalqına məxsus olmayan döyüş növüdür: “Bu işlə məşğul olanlar itlərin işgəncəsindən zövq alaraq pul qazanırlar. Daxili İşlər Nazirliyi qanlı mərc oyununu nəzarətə götürüb.Bu işlə məşğul olanlar hüquq mühafizə orqanlarının səyi nəticəsində aşkar olunaraq, məsuliyyətə cəlb olunub. Buna baxmayaraq bəzi şəxslər hələ də qanlı mərc oyunlarından əl çəkmir”.
A.Qarayev bildirdi ki, it və ya xoruz döyüşü Azərbaycan cəmiyyətinə yaraşmayan oyun növüdür. Heyvanlara qarşı qəddarlıq Azərbaycan cəmiyyətinə yaraşmır: “Heyvanlara qarşı bu cür sərt münasibətə son qoyulması üçün qanunvericiliyə dəyişikliklər edilməlidir. Cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Heyvanlara qarşı amansız rəftarın, zorakılığın cinayət məsuliyyəti olmadıqca belə hallar davam edəcək. Bu cür iş görənlər artıq inzibati yox, cinayət məsuliyyəti daşımalıdırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan MDB ölkələrindən ilk olaraq ev heyvanlarının müdafiəsi üzrə Avropa konvensiyasına qoşulub, lakin ölkəmizdə heyvanlarla qəddar münasibət hələ də davam edir.
Günel CƏLİLOVA