Məlum olduğu kimi, Azərbaycan universitetlərində yalnız yerli tələbələr deyil, əcnəbilər də təhsil alır. Digər ölkələrlə müqayisədə, Azərbaycanda təhsil alan əcnəbilərin sayı azdır. Açıqlanan statistik məlumatlara əsasən, 2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.
Bildirilir ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.
Qeyd etdiyimiz kimi, digər ölkələrlə müqayisədə Azərbaycanda təhsil alan əcnəbilərin sayı azdır. Maraqlıdır, əcnəbi tələbələr nə səbəbdən Azərbaycan universitetlərində təhsil almağa maraq göstərmir?
“Təhsilin keyfiyyəti yüksəldilsə, təhsil haqqı aşağı salınsa, yaşayış üçün əlverişli şərait yaradılsa, əcnəbi tələbələrin Azərbaycan universitetlərinə axını baş verəcək”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, qəbul proseduru sadələşdirilsə, təhsilin keyfiyyəti yüksəldilsə, təhsil haqqı aşağı salınsa, yaşayış üçün əlverişli şərait yaradılsa, əcnəbi tələbələrin Azərbaycan universitetlərinə axını baş verəcək: “Məlumat üçün bildirim ki, turizmdən sonra dünya iqtisadiyyatına təsir göstərən ikinci sahə xarici tələbələrin təhsil almasıdır. Ancaq Azərbaycan öz potensialından dəfələrlə az xarici ölkələrdən tələbə qəbulunu həyata keçirir. Hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 6400-ə yaxın əcnəbi tələbə təhsil alır. Ölkədə qəbul prosedurunun sadə olmaması əcnəbi tələbələrin Azərbaycan universitetlərində təhsil alma marağını azaldır. Halbuki Türkiyə, Avropa və Amerikanın nüfuzlu universitetlərində qəbul proseduru çox sadədir. Həmçinin, təhsil haqqının yüksək olması da bu məsələdə öz sözünü deyir. Ölkəmizdə təhsil haqqı kifayət qədər yüksəkdir. Türkiyənin dövlət universitetlərində xarici ölkə vətəndaşı 400-700 manata rahatlıqla təhsil ala bilər. Ukraynada 1000-1500 manata buna nail ola bilirlər. Azərbaycan universitetləri isə əcnəbi tələbələrdən 4000-5000, hətta daha yüksək təhsil haqqı alır. Yaşayış xərclərinin baha olması, yataqxanaların yoxluğu da xarici tələbəni Azərbaycanda təhsil almaqdan yayındıran başlıca amillərdəndir. Türkiyədə hər universitetin öz yataqxanası var və onun da 30 faizini aşağı qiymətə əcnəbi tələbələrə ayırırlar. Azərbaycanda isə öz vətəndaşlarımıza 200 manata verdiyimiz kirayə evləri xaricilərə 1000-1500 manata veririk. Həmçinin, ölkəmizdə keyfiyyətli tədrisin həyata keçirilməməsi də prosesə öz təsirini göstərir. Həmin sadaladığım problemləri qısa zamanda aradan qaldırmaq mümkündür. Xarici ölkə universitetləri Azərbaycana gəlib öz təhsil ocaqlarının sərgilərini təşkil edir. Azərbaycan universitetlərinin də xarici ölkələrdə sərgilərinin təşkililə bağlı dəfələrlə təkliflərlə çıxış etsəm də, buna reaksiya vermirlər”.
Günel CƏLİLOVA