Azərbaycanda dərman vasitələrinin qiymətində növbəti bahalaşma müşahidə olunur. Son 10 gündə çox işlənən dərman preparatlarının qiymətində 5-10 manat aralığında fərq hiss olunur. Bahalaşmanın bir səbəbinin idxal ölkələrinin iqtisadi durumundan asılı olduğu bildirilirsə, digər səbəbi ölkədə dərman istehsalının olmaması ilə əlaqələndirilir.
Qeyd edək ki, Tarif Şurası tərəfindən "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların sayı 12442-dən 12689-a qaldırılb. Yəni siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar, əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Şuranın qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb.
İstənilən halda, dərman vasitələrinin qiymətində vaxtaşırı dəyişikliklər özünü göstərməkdədir.
Xatırladaq ki, bu günlərdə millət vəkili Musa Quliyev də dərman preparatlarının bahalaşmasına etiraz etmişdi. “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsini təklif edən deputat qanunvericilikdə dərmanların qeydiyyatının qəliz və sərt olduğunu bildirdi. Həmçinin yeni dərmanların ölkəyə gətirilməsinə əngəl yaradıldığını da qeyd etdi.
Ekspertlərin bildirdiyinə görə, dərmanların satış qiymətinin qalxma səbəbi dərmanların satış qiymətinin düzgün tənzimlənməməsi ilə bağlıdır.
Məlumdur ki, ölkədə dərmanlarla bağlı keyfiyyət problemi var və qiymət bahadır. Səbəb olaraq düzgün tənzimlənmə siyasətinin aparılmaması göstərilir. Son 3-4 ildə kiçik şirkətlər müflisləşib bazardan çıxdılar. Nəticə etibarilə bir neçə iri şirkətin bazarda diqtəsi yarandı ki, onlar da qiyməti istədikləri kimi tənzimləyə bilirlər.
“Tarif Şurasında dərmanların satış qiymətinin tənzimlənməsi doğru addım deyil”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, əsas problem dərmanların qiymət tənzimlənməsi zamanı ortaya çıxır: “Tarif Şurasında bu məsələnin tənzimlənməsi doğru addım deyil. Bu, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə ziddiyyət təşkil edir. Məsələn, bir sahibkar xaricdən dərman idxal edir və həmin dərmanı zavoddan həmişə eyni qiymətə ala bilməz. Müxtəlif faktorlar qiymətlərə mütəmadi olaraq təsir göstərir. Belə olan təqdirdə, sahibkar dərmanı Tarif Şurasının qoyduğu qiymətə sata bilməz. Ona görə də məhz bu siyasətdən sonra xeyli dərman idxalçıları ya bazardan uzaqlaşdılar, ya da bioloji aktiv əlavələr gətirməyə başladılar. Çünki bioloji aktiv əlavələr kimyəvi molekul olmadığından, yalnız Mərkəzi Analitik Laboratoriyadan sertifikat alınır. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uyğunluq sertifikatı əldə olunduqdan sonra mal ölkəyə idxal olunur və qiymətə də Tarif Şurası müdaxilə etmir”.
Günel CƏLİLOVA