Kürdəmir məişət tullantıları poliqonundan böyük ictimai narazılıq…

İstehsal və məişət tullantılarının, yəni zibillərin yığılması, daşınması və məhv edilməsi böyük bir problemə çevrilib. İdarə olunmayan – məhvi mümkün olmayan tullantılar yeraltı və yürüstü suların çirklənməsinə, ətraf mühitin zəhərlənməsinə, ev həşəratlarının, siçovul, siçan, tarakanların artmasına səbəb olur. Bu da, öz növbəsində, yoluxucu xəstəliklərin yayılması və çoxalması deməkdir.
Bu gün bir sıra ərazilərdə, o cümlədən bölgələrdə də zibillərin daşınması sahəsində problem var. Bu hal Kürdəmir rayonunda da geniş şəkildə yaşanır. Belə ki, Kürdəmirdə yerləşən məişət tullantıları poliqonunda illərdir zibillərin yandırılması və zibil qoxusunun ətrafa yayılması sakinlərin haqlı narazılığına səbəb olur. Sakinlər qeyd edir ki, yandırılan tullantıların tüstüsü rayonun bir çox hissəsinə yayılır və insanları narahat edir.
Sakinlərin bildirdiyinə görə, onlar yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyətlə bağlı hər hansı bir tədbir görülməyib. Əsasən də yay aylarında yığılıb qalan zibilliyin yandırılması və o yanğından qalxan tüstünün ətrafa yayılması insanları təngə gətirib.
- Kürdəmir şəhər İcra nümayəndəsi - İlqar Salmanov: “Yaxın zamanda məlum problem öz həllini tapacaq”
Məsələ ilə bağlı Kürdəmir şəhər İcra nümayəndəsi İlqar Salmanov bildirdi ki, mövcud problem yaxın zamanda həll olunacaq: “Məişət tullantılarının qablaşdırılması və emalı ilə əlaqədar olaraq hazırda müəyyən şirkətlərlə danışıqlar aparılır. Yaxın zamanda məlum problem öz həllini tapacaq”.
- Sevil Abbasova: “Zibilin yandırılması zamanı yaranan qazlar uşaqların inkişafına mənfi təsir göstərir”
Həkim-terapevt Sevil Abbasova bildirdi ki, zibillərin çox olduğu və çox yandırıldığı ərazilərdə insanlar ruhi və nevroloji xəstəliklər, davranış pozuntularından əziyyət çəkir, yeni doğulan uşaqlarda şikəstliklər və bəzi orqanların inkişafdan qalması kimi problemlər müşahidə olunur: “Zibilin yandırılması zamanı yaranan qazlar uşaqların inkişafına mənfi təsir göstərir, hamiləliyin yarımçıq qalması, vaxtsız uşaq ölümü ilə nəticələnə bilər".
Həkimin dediyinə görə, insan ömrünün qısalmasına təsir göstərən amillərdən biri də zibillərin yandırılmasıdır.
Günel CƏLİLOVA