Özəl lisey və gimnaziyalarda "3" qiymət problemi…

Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalar istisna olmaqla, digər lisey və gimnaziyalarda təhsil alan şagird hansısa bir fəndən 3 alarsa, məktəbdən xaric olunur. Valideynlər isə bu qaydaya və zəif qiymət alan şagirdin təhsil müəssisəsindən xaric edilməsinə etiraz edir.
Onlar bildirir ki, bu cür yanaşma şagirdlərdə ciddi travma yaradır, özünəinamı öldürür. Valideynlər bildirir ki, şagirdin aşağı qiymət almasının səbəbi müəllimin dərsi yaxşı izah etməməsi ilə bağlıdır: “Şagird zəif nəticə göstərirsə, müəllim həmin uşaqla maraqlanmalıdır. Uşağın yaxşı nəticə göstərməsi üçün onunla məşğul olmalıdır. Təəssüf ki, müəllimlər 3 qiyməti alan uşağın nəticələrini yüksəltmək əvəzinə onu təhsil aldığı müəssisədən çıxarırlar”.
- “Bəzi lisey və gimnaziyalar öz şagirdlərini məktəbdən uzaqlaşdırır, bunun səbəbi isə həmin tədris müəssisələrinin yollarını daha yüksək nəticə göstərən şagirdlərlə davam etdirmək istəməsidir”
Məsələ ilə bağlı fikir bildirən Kamran Əsədov qeyd etdi ki, qanunvericiliyə əsasən, hər bir kəs təhsil almaq hüququna malikdir. Qanunverilikdə o da yazılır ki, təhsil icbaridir: “Çox təəssüslər olsun ki, bəzi lisey və gimnaziyalar öz şagirdlərini məktəbdən uzaqlaşdırır. Bunun səbəbi isə həmin tədris müəssisələrinin yollarını daha yüksək nəticə göstərən şagirdlərlə davam etdirmək istəməsidir. Bu isə həmin şəxslərin təhsil almaq hüququnun pozulmasına səbəb olur. Şagirdlər bu vaxta qədər zəif bilik əldə ediblərsə, bu həmin lisey və gimnaziyaların günahıdır. Övladlarının həmin lisey və ya gimnaziyada təhsil almasını istəyən valideynlərin etirazı haqlıdır”.
K.Əsədov xüsusi olaraq vurğuladı ki, məktəb rəhbərliyinin hüququ yoxdur ki, şagirdlərin təhsil almasına mane olsun: “Həmin liseylərin rəhbərliyi əsas gətirə bilər ki, özəl təhsil müəssisəsidirlər və yüksək nəticə göstərənlərlə davam edəcəklər. Ancaq unutmaq lazım deyil ki, liseylər haqqında ayrıca qanun yoxdur”.
Həmsöhbətimiz hesab edir ki, lisey və gimnazilar həmin tədris müəssisəsində oxumaq istəyən şagirdlərə köməklik etməlidir: “Həmin liseylər çalışır ki, yaxşı nəticə göstərən şagirdlərlə yollarını davam etdirsinlər. Yaxşı oxuyanların qəbul imtahanında göstərəcəyi nəticə onların reytinqinə təsir edir. Nəzərə almaq lazımdır ki, bacarıqlı şagird məktəbdə repetitor yanına gedərək də bilik və savadını artırır”.
Günel CƏLİLOVA