Ağcabədidə saxta “Sirab” su bazarını kim qızışdırıb...

“Sirab” ASC - Sərkərdə Sərxanoğlu: ““Sirab”ın adından istifadə edənlərlə bağlı qanunvericiliyə uyğun olaraq müvafiq qaydada tədbirlər görüləcək”

img

Mağazalarda məşhur brendlərin saxta variantını tapmaq mümkündür. Hamımızın bəlkə də gündə bulaq suyu deyərək bəh-bəhlə içdiyi bu sular heç də bulaq başından doldurulmur. Bəzi hallarda məşhur  brendlərin adından istifadə edir. Bu səfər işbazlar “Sirab” brendinin adından istifadə edərək, saxta suların satışı ilə məşğul olmaq istəyiblər. Ağcabədi rayonunda “sirab” butulkalarına təkrar su doldurularaq, “Zəhra bulağı” adı ilə istehlakçılara təqdim olunur.

Məlumatlara görə, qeyd olunan sular Bakıda fəaliyyət göstərən bəzi restoranlarda da süfrəyə qoyulur.

Maraqlıdır, istehsalçı bununla bağlı məlumatı varmı və bu hadisə ilə bağlı nə kimi hadisə görəcək?

  • “Sirab” ölkənin milli brendidir, bu addım istehlakçıların hüquqlarının pozulması ilə bərabər həm də insan sağlamlığına təhlükə deməkdir”

Babək “Sirab” ASC-nın Bakı ofisinin inzibati işlər direktoru Sərkərdə Sərxanoğlu bildirdi ki, bu hadisə kimlərinsə əməyindən istifadə edib, asan pul qazanmaq yolunu tutan fürsətçilərin əməlidir: “Bu cür hallar zaman-zaman təkrarlanır. Respublikanın müxtəlif yerlərində işbazlar bizim “sirab” butulkalarını geri yığmamağımızdan istifadə edərək, onları əldə edirlər: “Adını dəyişdirərək, içərisinə su dolduran da, limonat dolduran da olub. “Sirab” ölkənin milli brendidir, bu addım istehlakçıların hüquqlarının pozulması ilə bərabər həm də insan sağlamlığına təhlükə deməkdir. Nəzərə almaq lazımdır ki, bu sudan istifadə zəhərlənməyə də gətirib çıxara bilər”. 

Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda şirkətdə faktla bağlı  araşdırma aparılır: “Biz Azərbaycan qanunvericiliyinə müvafiq qaydada tədbirlər görəcəyik, aidiyyəti qurumlara müraciət edəcəyik ki, bu əmələ yol verənlərə, eləcə də yol vermək istəyində olanlara dərs olacaq tədbirlər görülsün. Amma ilk növbədə bu işlə məşğul olan şəxsləri taparaq, onların özlərini bu əməllərinin nəticəsinin necə ola biləcəyi ilə bağlı məlumatlandıracağıq. Həmin şəxslərin koordinatlarını axtarırıq. Tədbir görülməyəcəyi təqdirdə lazımı addımlar atılacaq. Qanunvericilikdə hansısa markadan marka sahibinin xəbəri olmadan istifadə olunması ciddi şəkildə məsuliyyət yaradır. Bu fəaliyyətdən gələn gəlirdən də çox onlara cərimə yazılır, hətta bildiyim qədər cinayət işi də açıla bilər”.

S.Sərxanoğlu onu da əlavə etdi ki, faktla bağlı AQTA-ya, İqtisadiyyat Nazirliyinə və digər qurumlara müraciət ediləcək.

Günel CƏLİLOVA

Son xəbərlər