Orta ümumtəhsil məktəblərində dərsliklərlə bağlı çox ciddi nöqsanların olduğu məlumdur. Uzun illərdir ki, dərsliklərin dili, mövzuların mürəkkəbliyi, yaş qrupları üzrə təsnifatlandırılmaması məsələsi aktualdır. Təbiət elmləri öz əhatə dairəsinə, məzmun və əhatəsinə görə çox faydalı bir sahədir, bu fənlərin şagirdlərə mənimsənilməsi üçün daha optimal dərsliklər yaradılmalıdır.
Bu gün orta ümumtəhsil məktəblərinin fizika dərsliklərinin səviyyəsindən ciddi narazılıqlar var. Mütəxəssislər deyirlər ki, fizika dərslikləri həddən artıq mürəkkəb yazılıb, mövzular ağırlaşdırılıb, bu da abituriyentlərin fizika bölməsinə marağının azalmasına səbəb olub.
Fizika dərslikləri ilə bağlı narazılığın əsası varmı?
“...hətta dərslik yazmaq təcrübəsi olan müəlliflər də bu dərsliklərə müdaxilə edə bilməyiblər”
Millət vəkili, tanınmış təhsil mütəxəssisi Etibar Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, dərsliklərdəki ən ciddi problemlərdən biri müəllif monopoliyasıdır. “Mən bunu belə qiymətləndirirəm. Uzun illərdir fizika dərsliyi monopoliyadadır. Riyaziyyat dərslikləri çox uzun illər monopoliyada qalıb. Ona görə də heç kim, hətta dərslik yazmaq təcrübəsi olan müəlliflər də bu dərsliklərə müdaxilə edə bilməyiblər. Çox təəssüflər olsun ki, vaxtilə Təhsil Nazirliyinin nəzdində ilk olaraq yaradılmış Dərsliklərin Qiymətləndirmə Şurası bu məsələlərə göz yumub. Yəni çoxsaylı hal olub ki, məsələn, Dərsliklərin Qiymətləndirmə Şurasının üzvləri dərslik müəllifi olublar. Ona görə də dərsliklərin yazılması, burada dünya təcrübəsindən istifadə olunması, eyni zamanda, dərsliklərin şagirdlər üçün düşündürücü olması, lokanik olması, fənlərarası yanaşmanın tətbiqi kimi məsələlər həmişə kölgədə qalıb. Görürsünüz, ölkə üzrə ən zəif nəticələr olan fənlərdən biri fizika fənnidir. Bir çox ekspertin qiymətləndirmələrinə görə, kimya dərslikləri də bərbad vəziyyətdədir.
Mən bir zamanlar təklif etmişdim ki, dərsliklərin yazılması üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Dövlət Universitetinin nəzdində bir laboratoriya yaradılsın və bu dərsliklər təhlil olunsun”.
E.Əliyevin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrinin orta məktəblərində təbiət elmlərinin, xüsusən fizikanın, riyaziyyatın, kimyanın, biologiyanın tədrisi elə qurulur ki, həmin uşaqlar olimpiadalarda qabaqcıl yerlər tuturlar, yuxarı sinif şagirdlərində elmlə məşğul olmaq üçün motivasiyalar yaranır. “Bu məsələlər çox düşündürücü məsələlərdir. Görünür, bu problemlər hələ qalırsa, bu o deməkdir ki, bu sahədə dönüş yaratmaq mümkün olmayıb. Ancaq dərslik təhsilin bütün pillələrində, orta məktəbdən ali məktəbə qədər əsas alət sayılır, onu heç bir informasiya-texnologiya kommunikasiyası əvəz edə bilməz. Hətta bir çoxu elektron dərsliklərə üstünlük verir, amma dərsliyin özü olmasa, elektron dərslik necə ola bilər? Dərsliyin hesabına elektron dərslik formalaşa bilir”.
Millət vəkili hesab edir ki, bu istiqamətdə Təhsil Nazirliyinin İctimai Şurasında, Təhsil İnstitutunda çox ciddi dinləmələr keçirilməlidir. E.Əliyev qeyd edir ki, məsələ bu cür davam edə bilməz və onun həll edilməsi əsasdır. “Kim dərslik yaza bilmirsə, o, yaxasını kənara çəkməlidir. Çünki burada söhbət yüz minlərlə şagirdə bilik verməkdən gedir. İndi görürsünüz, ölkədə distant təhsilə keçmişik, ancaq heç kəs dərsliklərdən istifadənin adını çəkmir. Niyə? Hökumət çox böyük vəsait xərcləyir, hər bir şagirdə pulsuz dərslik verir. Yaxşı, bu dərslik nə üçün yazılır? Ona görə də bu cür problemlər var və düşünürəm ki, bunlar çox qısa zamanda aradan qaldırılmalıdır”.
İradə SARIYEVA