"İdrak" liseyi ilə valideyn arasında illik ödənişin ödənilməsi məsələsində problem yaranıb. Belə ki, valideyn Fikrət Cəfərov pandemiya dövründə əyani tədrisin aparılmadığını səbəb gətirərək təhsil haqqının 30 faizini ödəmək istəyib.
Lisey valideynin bu qərarına qarşı çıxaraq təhsil haqqının tam şəkildə ödənilməsini tələb edib. Pandemiya ilə bağlı valideyn təhsil haqqını tam şəkildə ödəyə bilmədiyi üçün, lisey Fikrət Cəfərovun övladını təhsildən kənarlaşdırıb.
Qeyd edək ki, əksər təhsil müəssisəsi pandemiya səbəbindən təhsil haqqı ilə bağlı güzəşt tətbiq etdi. Nəzərə almaq lazımdır ki, karantin rejimində şagirdlər əyani təhsilin imkanlarından yararlanmayıblar. Belə olduğu halda, təhsil haqqı üzrə güzəşt tətbiq edilməli idi.
“...müqavilə şərtlərini, faktiki olaraq, yerinə yetirə bilmir”
Məsələyə münasibət bildirən hüquqşünas İlqar Həsənov qeyd etdi ki, bir ildən çoxdur ölkədə karantin rejimi tətbiq edilib: “Pandemiya ilə bağlı olaraq şagirdlər distant şəkildə təhsil alırlar. Şagirdlər məktəbin imkanlarından istifadə etmirlər. Yəni şagirdlər dərsə getmədikləri üçün məktəbdə kommunal xidmətlərdən istifadə olunmur. Təbii ki, bu hal məktəbin xərclərini azaldır. Lisey pandemiya ilə əlaqədar olaraq güzəşt tətbiq edə bilərdi. Valideynin haqqı çatır ki, liseyi məhkəməyə versin. Müqavilənin şərtlərinə yenidən baxılmalıdır. Dövlət öz statusuna uyğun olaraq, sahibkarlara güzəştlər edir, insanlara dəstək üçün sosial ödəmələr aparır, eyni siyasət liseylər tərəfindən də aparılmalıdır. Nəzərə almaq lazımdır ki, lisey hazırda müqavilə şərtlərini, faktiki olaraq, yerinə yetirə bilmir. Müqavilədə bu tip liseylərdə təhsilin əyani formada aparıldığı göstərilir, amma hazırda təhsil onlayn formada aparılır. Bu da kifayət qədər xərclərin azaldılması deməkdir. Hazırkı şəraitdə özəl təhsil müəssisələri tədris haqlarını mümkün qədər minimum səviyyədə tələb etməlidirlər”.
Günel CƏLİLOVA