Nazirlər Kabinetinin 2020-ci il hesabatına əsasən, 2020-2021-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul planı 2,3 faiz artırılıb. Dövlət sifarişi üzrə qəbul planı isə ötən illə müqayisədə 7,1 faiz artırılaraq 21,9 min yer təşkil edib.
Onu da qeyd edək ki, ali təhsilli insanların sayına görə ölkələr arasında araşdırma aparılıb. Beynəlxalq hesabatlarda ali təhsilli insanların sayına görə ölkəmiz aşağı yerlərdə qərarlaşıb.
“Biz mübarizə aparırıq ki, ali təhsilli insanların sayı artsın, ondan sonra isə keyfiyyətli ali təhsildən danışacağıq”
Məsələ ilə bağlı fkir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, Azərbaycan bu gün ali təhsilli insanların sayına görə dünyada ən aşağı yerlərdədir: “Vətəndaşlarımızın cəmi 17 faizi ali təhsillidir. Bəli, bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Ölkə vətəndaşlarının sayının 10 milyonu ötdüyünü nəzərə alsaq, 182 min aktiv tələbə ölkə vətəndaşının çox az bir faizini təşkil edir. Ona görə biz birinci ali təhsilli insanların sayını artırmalıyıq. Bəli, ola bilər ki, bu, iş yerləri ilə bağlı problem yaradacaq, amma, bütün hallarda, əmək bazarında rəqabət mühiti formalaşacaq. Daha savadlı insanlar işlə təmin olunacaq, nəticədə keyfiyyətli xidmət olacaq. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin məzunlarının cəmi 42 faizi işləyə bilir, 58 faizi ya işləmir, ya da fərqli sahələrdə işləyir. Biz mübarizə aparırıq ki, ali təhsilli insanların sayı artsın. Ondan sonra isə keyfiyyətli ali təhsildən danışacağıq. Çünki ortada keyfiyyət yoxdur”.
Günel CƏLİLOVA