Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqların azadlığı uğrunda başlanan Vətən müharibəsi Şanlı Ordumuzun qələbəsi ilə başa çatdı. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan bu 44 günlük haqq savaşında cənub bölgəsi Masallı rayonundan olan gənclərin də hünər payı böyükdür. Qələbə naminə necəsi öz canını Vətənə qurban verməkdən belə çəkinmədi. Rayon sakinləri öz şəhid oğulları ilə qürur duyur, onların əziz xatirələrini daima qəlbində yaşadırlar. Xalqa qələbə sevincini bəxş edənlərin ailələri də unudulmur.
Bu günlər Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Şura üzvləri, əməkdaşları, fəalları, eləcə də ilk partiya təşkilat sədrləri Vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Sübhan Həsənovun, Röyal Məmmədovun, Vüsal Məhərrəmovun, Rahid Sadıqovun, Naib Qasımovun, Zaur Hüseynovun, Sənan Səlimovun ailələrinə baş çəkmiş, onların qayğılarını ətraflı öyrənmiş, vacib işlərin görülməsi üçün köməklik göstərmişlər. Qarşıdan gələn bayram günlərində də Şəhid övladlarının və valideynlərin yanında olmasını söyləmışlər.
Söhbət zamanı o da bildirilib ki, ölkənin hər bir vətəndaşı dövlət başçısının diqqəti altındadır. Dövlət tərəfindən müharibə əlillərini və veteranlarını, şəhid ailələrini əhatə edən qayğı isə daha genişdir. Onların hər bir problemin vaxtında həlli, sosial müdafiəsi daim ölkə rəhbərinin diqqət mərkəzindədir. Respublikada həyata keçirilən sosial siyasətin əsasında insan amili durur. Artıq ərazi bütövlüyümüz Vətən övladların qanı bahasına təmin olunub. Xalq olaraq qürurumuza, vüqarımıza bütün tərəqqipərvər bəşəriyyət hörmət bəsləyir. Bu da onu göstərir ki, bundan sonra ölkədə insanların vəziyyəti, gün-güzəranı durmadan yaxşılaşar.
Şəhid valideynləri öz növbəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin, səmimi razılığını ifadə etdilər.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü